FƏALİYYƏT

Gilavar Foto Klubu ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökümət təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar, Birliyin Nizamnaməsi və Əsasnaməsi əsasında həyata keçirir.

Gilavar Foto Klubu ölkənin aparıcı foto təşkilatı olaraq uzun illərdir Azərbaycanda foto sənətinin inkişafına və təbliğinə töhfə verir, bu istiqamətdə bir çox layihələr, təlimlər, müsabiqə və sərgilər həyata keçirir, peşəkar fotoqrafları və fotojurnalistəri ətrafında toplayır. Hazırda klubun 44 üzvü vardır. Klubun hər bir üzvü beynəlxalq standartlara cavab verən, NFC və QR kodu dəstəkləyən üzvlük vəsiqələri ilə təmin olunublar.

Foto sənətinin inkişafı istiqamətində dövlət qurumları, yerli təşkilat və özəl şirkətlər, ali təhsil müəssisələri, qeyri-kommersiya təşkilatları ilə tərəfdaşlıq edilir, beynəlxalq fotoqrafiya təşkilatları və xarici fotoklublar ilə əməkdaşlıq edilir və qarşılıqlı münasibətlər qurulur. Klub öz fotoqraflarının yerli və beynəlxalq tədbirlərin işıqlandırılması üçün akkreditasiya məsələlərində dəstək verir, müxtəlif yerli tədbirlərə fotoinformasiya dəstəyi göstərir.

Gilavar Foto Klubu tərəfindən bu günə kimi 11 layihə, 19 fotomüsabiqə (5 yerli, 14 beynəlxalq), 2 ianə aksiyası, 2 təlim, 7 fotosərgi (5 real, 2 virtual), 6 təqdimat və mükafatlandırma mərasimi həyata keçirib, 1 qısametrajlı bədii film hazırlayıb. Ölkənin tanıtımı, təbliği və təşviqi məqsədilə yarışmaların adları Azərbaycanla bağlı olur, məsələn: Azerbaijan Photo Salon 2020, Azərbaycan Press Foto 2021, Baku 2018, Baku 2023. Fotoqrafların işğaldan azad olunan ərazilərə, o cümlədən Füzuli Hava Limanına və Şuşa şəhərinə səfərini təşkil edib.

Gilavar Foto Klubu beynəlxalq arenada ölkəmizi komanda şəklində təmsil edərək nailiyyətlərə imza atır. 2020-ci ildə Rusiyanın Çelyabinsk vilayətində keçirilən beynəlxalq fotomüsabiqənin mükafatlandırma mərasimində iştirakçı ölkələr arasında üçrəngli Azərbaycan bayrağı da dalğalandırılıb. 2021-ci ildə Fransada keçirilən ölkələrarası beynəlxalq fotomüsabiqədə Azərbaycanı təmsil edən komanda ilk onluğa düşərək Fəxri lent mükafatı əldə edib. Beynəlxalq fotomüsabiqələrin təşkilinə görə Beynəlxalq Foto Sənəti Federasiyası tərəfindən Bürünc Plaket təqdim olunub. Klub fəaliyyətinə, gördüyü işlərə verilən dəyərə və uğurlarına görə yerli və beynəlxalq təşkilatlar tərəfindən 10 mükafata, diplom və sertifkata layiq görülüb.

Cəmiyyət birliyin fəaliyyəti haqqında çap və onlayn mətbuat, televiziya kanalları və sosial şəbəkələr vasitəsilə mütəmati olaraq məlumatlandırlır. Klub haqqında ölkənin televiziya kanallarından 50-dən artıq xəbər və reportaj yayımlanıb, YouTube kanalına 100-ə yaxın videomaterial yüklənilib.

Gilavar Foto Klubu ictimai birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev 2023-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuranın üzvüdür.