FOTOXƏBƏRLƏR

“Bakı-2026” idman fotomüsabiqəsi elan edilib

A+A-
Sıfırla

Gənclər və İdman Nazirliyi “Bakı — Dünya İdman Paytaxtı 2026” mövzusunda fotomüsabiqə elan edir.

Müsabiqənin məqsədi Bakını “Dünya İdman Paytaxtı” kimi daha yaxından tanıtmaq, ictimaiyyətin diqqətini idmana, idmançıların həyatı və fəaliyyətinə cəlb etmək, idmanın cəmiyyətdə rolunu və nüfuzunu artırmaq, həmçinin idman mövzusunda yaradıcılığı və fotoqrafiyaya marağı təşviq etməkdir.

Müsabiqəyə təqdim olunan fotolar gənclərin idman uğurlarını, gündəlik məşq prosesini, eləcə də müxtəlif idman növləri üzrə yarışları, fiziki tərbiyə məşğələlərini və kütləvi idman tədbirlərini əks etdirməlidir.

İştirak şərtləri: 

Fotomüsabiqədə 16 yaşdan yuxarı bütün vətəndaşlar iştirak edə bilər (münsiflər heyətinin üzvləri xaric);

Həm peşəkar, həm də həvəskar fotoqrafların qatıla biləcəyi müsabiqəyə hər iştirakçı maksimum 3 foto təqdim edə bilər və hər fotoqrafın yalnız 1 fotosu qalib ola bilər. Təqdim edilmiş fotoişlərin sonradan əlavə fotolarla əvəzlənməsi və ya iştirakçının təqdim etdiyi fotoişlərin sayının artırılması qəbul edilmir;

Fotolar JPEG formatında, 300 DPI rezolyusiyada təqdim edilməli, maksimum piksel ölçüsü (uzun tərəf üzrə) 3000 piksel olmaqla, fayl həcmi 3 MB-dan az olmamalıdır;

Təqdim olunan fotonun üzərində heç bir ad, simvol, loqo və ya su nişanı olmamalıdır. Kəsim, rəng doyması, kəskinlik, toz və kontrast düzəltmə kimi məqbul müdaxilələr istisna olmaqla, heç bir manipulyasiya və dəyişiklik (süni intellektlə generasiya, kadrdakı obyektlərin yaradılması və ya dəyişdirilməsi, çəkilməmiş elementlərin əlavə olunması və s.) edilməməlidir;

Müsabiqəyə yalnız müəllif tərəfindən çəkilmiş fotolar qəbul edilir. Müəllifliyi təsdiqləmək üçün orijinal faylların təqdim edilməsi tələb oluna bilər. Başqa şəxsin çəkdiyi və ya internetdən yüklənmiş fotoların göndərilməsi qəti qadağandır;

Yuxarıda qeyd edilən şərtlərə cavab verməyən fotoişlər müsabiqədə iştiraka buraxılmır;

İştirak üçün fotoşəkillər [email protected] poçt ünvanına göndərilməlidir. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi qeyd olunmalıdır;

Müsabiqə üçün təqdim edilən fotoların qəbulu 26 oktyabr 2026-cı il tarixindən 15 noyabr 2026-cı il tarixinədək davam edəcək.

Mükafatlandırma:

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə diplom və müvafiq olaraq, Quba, Şəki, Lənkəran Olimpiya İdman Komplekslərində 2 gecə/3 günlük ailəvi istirahət paketi təqdim ediləcək.

Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir.

FacebookTwitterWhatsappTelegramEmail