İNFORMASİYA DƏSTƏYİ

Bakıda Qlobal Cənub QHT Platforması təsis konfransı keçirilib

A+A-
Sıfırla

28-29 aprel tarixlərində Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu keçirilib. Forumda 116 ölkədən olan QHT rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.

Forum zamanı Qlobal Cənub QHT Platforması təsis olunub və 116 ölkədən QHT-lərin razılığı ilə sədrlik Azərbaycana verilib. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli bir il müddətinə Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi elan olunub.

Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini — dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

Xatırladaq ki, platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.

İki gün davam edən Forumda dünyanın aparıcı vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edib, qlobal diskussiyalar təşkil olunub, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanıb. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.

Qeyd edək ki, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumunun informasiya tərəfdaşları arasında “Gilavar Foto Klubu” ictimai birliyi də yer alıb. Birlik tərəfindən tədbirə fotoinformasiya dəstəyi verilib.

FacebookTwitterWhatsappTelegramEmail