SƏRGİLƏR

COP29-da «Düyməni sıxan ayaqlar» adlı fotosərgi

A+A-
Sıfırla

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Yaşıl Zonada yerləşən Milli QHT Forumu pavilyonunda “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgi təşkil edilib.
“Düyməni sıxan ayaqlar” adlı sərgini ziyarət edən şəxslərə bu günə qədər davam edən mina terroru haqqında ətraflı məlumat verilib. Onlar fotolar vasitəsilə bu problemin miqyası ilə yaxından tanış olublar. Qeyd olunub ki, mina probleminin dünyanın ən mühüm tədbirlərindən birində qaldırılması bu məsələnin geniş ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Mina problemi təkcə insanlara deyil, həmçinin təbiətə öz mənfi təsirini göstərir. Hər mina partlayışı zamanı atmosferə küllü miqdarda tullantı daxil olur.
Fotosərgi “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin tərkib hissəsidir. Layihənin məqsədi insanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 30 ildən artıq müddətdə mina hadisəsi qurbanları olan insanlar ilə görüşlər keçirilib, bu insanların acı durumu fotolarda olduğu kimi göstərilib.
Sərgidə yer alan fotoların bir qismi oktyabrda Çexiyanın paytaxtı Praqa şəhərində nümayiş olunub. Layihə vasitəsilə minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib. Daha sonra 50 fotodan ibarət ekspozisiya Bakı ictimaiyyətinə təqdim olunub.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT