FOTOXƏBƏRLƏR

“Gilavar” komandası “Dirçəliş Kuboku”nda mübarizə aparacaq

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin fotoqraflardan ibarət komandası Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin yeni mövsümünə qatılır.

Artıq üçüncü dəfə təşkil edilən turnirdə dövlət qurumlarını, şirkətləri və müxtəlif təşkilatları təmsil edən 44 komanda qalib adı uğrunda mübarizə aparacaq. Yarış Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “CBC Sport” telekanalının və “1news.az” informasiya portalının media tərəfdaşlığı ilə keçiriləcək.

“Dirçəliş Kuboku” adi futbol yarışı olmaqla məhdudlaşmır. Turnirin əsas məqsədi Qarabağda aparılan bərpa və quruculuq işlərinə töhfə vermək, xeyriyyəçilik ənənələrini təşviq etmək, sağlam həyat tərzini və komanda ruhunu gücləndirməkdir. Yarış çərçivəsində toplanan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

Yanvar ayında start götürəcək turnir mayın 28-dək davam edəcək. Bu müddət ərzində iştirakçı komandalar həm idman bacarıqlarını nümayiş etdirəcək, həm də xeyirxah məqsəd ətrafında birləşərək Qarabağın dirçəlişinə öz töhfələrini verəcəklər.

İndiyədək fotoqrafiya, mədəniyyət və ictimai layihələrlə müxtəlif təşəbbüslərdə iştirak edən Gilavar Foto Klubu bu dəfə futbol meydanında öz gücünü sınayacaq. Komandamız üçün bu turnirdə iştirak yalnız idman rəqabəti deyil, həm də Qarabağın dirçəlişinə yönəlmiş növbəti ictimai təşəbbüsə qoşulmaq deməkdir.

Bu dəfə fotoqraflarımız hadisələri kadr arxasından izləməyəcək, özləri meydanın əsas iştirakçıları olacaqlar!

“Gilavar” komandasına və turnirin bütün iştirakçılarına uğurlar arzulayırıq!

FacebookTwitterWhatsappTelegramEmail