FOTOLAYİHƏLƏR

Ayaz Mikayılzadədən gənc fotoqraflar üçün ustad dərsi

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “PeşəkarSƏN” maarifləndimə proqramı çərçivəsində daha bir yaddaqalan ustad dərsi təşkil olunub. Bu dəfəki qonaq peşəkar fotoqraf Ayaz Mikayılzadə olub.

Ayaz Mikayılzadə “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin tələbələri ilə görüşüb. O, görüş zamanı gəncləri fotoqrafiyanın əsas mövzularından biri “məhsul fotoqrafiyası” ilə tanış edib. Tələbələrlə həm nəzəri, həm də praktiki biliklərini bölüşüb. O, çəkiliş zamanı işığın əhəmiyyətindən danışaraq müxtəlif işıqlandırma üsullarını tətbiq edib, işığın bucağının məhsul fotolarına verdiyi fərqli təsirləri canlı şəkildə nümayiş etdirib.

Fotoqraf tələbələrlə öz təcrübəsini bölüşərkən vurğulayıb ki, hər bir kadr yalnız texniki bacarıq deyil, həm də incə duyum tələb edir. Onun sözlərinə görə, işığın düzgün quruluşu və yaradıcı baxış fotoqrafiyanı sadəcə sənət yox, eyni zamanda hekayə danışma vasitəsinə çevirir.

Fərqli işıqlandırma üsulları, müxtəlif bucaqlar və yaradıcı yanaşma – bütün bunlar dərsi adi bir mühazirədən çox, sanki bir fotoqrafiya laboratoriyasına çevirib. Tələbələr üçün bu görüş sadəcə dərs deyil, həm də ruhlandırıcı bir təcrübə olub. Onlar, ustad dərsindən əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıblar.

Qeyd edək ki, “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin əsas məqsədi gənc fotoqrafların bilik və bacarıqlarını inkişaf etdirmək, onlara praktik və nəzəri biliklər verərək peşəkar mühitə hazırlamaqdır. Layihənin donoru Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir.

FacebookTwitterWhatsappTelegramEmail