Gilavar Foto Klubunun təşkilatçılığı ilə ardıcıl altıncı dəfə keçirilən Baku 2025 adlı beynəlxalq fotomüsabiqənin nəticələri məlum olub.
Fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 64 ölkəsindən 378 fotoqraf tərəfindən 5 min 621 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və mənzərə mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, İtaliya və Hindistandan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Yerli fotoqraflardan Dilavər Nəcəfov, Kərim Abbasov və Orxan Əzimov hər biri diplom qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 3 mükafat əldə olunub.








