Naxçıvanın səssiz və təmiz küçələri, Araz üzərində batmaqda olan günəş, qədim abidələrin daş yaddaşı və gündəlik həyatın sadə, amma mənalı anları – bütün bunlar gənc bir tələbənin baxışında sənətə çevrilib. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Rəngkarlıq” ixtisası üzrə III kurs tələbəsi Vüsal Babayevin “Zaman və sükut” adlı ilk fərdi fotosərgisində məhz bu baxış və bu sükut duyulur.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan sərgidə müəllifin 41 fotosu nümayiş etdirilib. Fotolarda Naxçıvanın bənzərsiz təbiəti, gündəlik məişət həyatı, tarixi məkanları və milli-mənəvi dəyərləri xüsusi estetik baxış prizmasından təqdim olunur. Ekspozisiyanın əsas məqsədi Naxçıvanın zəngin təbiətini, adət-ənənələrini və mədəni irsini geniş ictimaiyyətə çatdırmaq, eyni zamanda gənclər arasında mənzərə fotoqraflığına marağı artırmaqdır.
Babək rayonunun Sirab kəndində dünyaya göz açan Vüsalın sənətə sevgisi elə məktəb illərindən başlayıb. Özü bunu belə ifadə edir: “Sirab kənd tam orta məktəbini bitirmişəm. Məktəb vaxtlarımdan şəkil çəkməyə marağım yaranıb. Dost-tanışlarım məni daha da həvəsləndirib. Universitetdə təhsil aldığım müddətdə də çəkdiyim şəkillərlə fərqlənmişəm”.
Gənc fotoqraf istedadının üzə çıxmasında İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun ona dəstək olduğunu vurğulayır: “Dekanımız Cavid müəllim mənim istedadımın ortaya çıxmasında kömək olub. Sərgi təşkil etməyi mənə o təklif etdi, daha da həvəsləndim”.
Hər kəs foto çəkir, amma Vüsal üçün foto çəkmək sadəcə bir anı yaddaşa köçürmək deyil, dünyaya fərqli baxışın ifadəsidir: “Gündəlik həyatımda hər qarşıma çıxan mənzərəni və ya obyekti çəkmirəm. Gözüm tutanda, daha fərqli baxmaq istəyəndə fərqli foto da alınır. Bir obyekti başqa adam da çəkir, mən də çəkirəm, amma mənim baxışım fərqli olur ki, ortaya da maraqlı şəkil çıxır”. Sərgini gəzəndə şahid olursan ki, onun obyektivində daha çox Naxçıvanın mənzərələri və tarixi abidələri yer alır. Bunun səbəbini “əsasən Naxçıvan mənzərələri, tarixi abidələri çəkirəm ki, yaddaqalan olsun”, — deyərək izah edir.
Fotoqrafiya Vüsal üçün həm də bir mənəvi rahatlıq mənbəyidir. Deyir ki, foto çəkməyi çox sevir: “Elə məqam olur ki, hiss edirəm ki, yaxşı fotolar ərsəyə gələcək. Boş vaxtlarımda sırf şəkil çəkmək üçün də şəhərə çıxıram”.
Sərgidə gün batımı anlarının əks olunduğu fotoların çoxluğu diqqətimizi çəkir. Bunun səbəbini isə Vüsal belə izah edir: “Gün batımında olan rənglər məni cəlb edir, onlar daha da hüzurvericidir, məni sakitləşdirir. Hər dəfə isə gün batımı eyni olmur.
Buludların yerdəyişimi, günəşin batma tərzi fərqli olur. Naxçıvanda günəş həmişə Araz tərəfdən batır, həmişə də əksi fərqli olur. Bayraq meydanında başqa cür, yolda başqa cür görünür”.
Sərgini gəzdikcə görürsən ki, bəzən tarixi abidələr, bəzən şəhərin gündəlik ritmi, bəzən də canlı təbiət onun yaradıcılığında mərkəzə çevrilib.
Maraqlıdır ki, sərgidə nümayiş olunan bütün bu fotolar peşəkar fotoaparatla deyil, telefon vasitəsilə çəkilib. “Fotoaparat olsa, keyfiyyət baxımından daha yaxşı olar, amma baxış cəhətdən heç bir fərqi olmaz”, — deyir gənc tələbə.
Sərgidə təqdim olunan fotolar təbii ki, onun çəkdiyi fotolaərn hamısı deyil. Deyir ki, gündəlik olaraq bir qismini instaqram səhifəsində paylaşır: “Amma bunlar da çəkdiklərimin heç yarısı belə deyil. Şəkillər üçün iki kompüter və telefon doldurmuşam”.
Vüsalın istedadı ətrafındakı insanların da diqqətini çəkir. Gülə-gülə deyir ki, onu görən hər kəs fotosunu çəkməyimi istəyir: “Qrup yoldaşlarım, dostlarım, hətta tanımadığım adamlar yaxınlaşıb deyirlər ki, Vüsal, şəklimi çəkə bilərsən? Bilirlər ki, yaxşı foto çəkirəm”.
Fotoqrafiya ilə yanaşı, rəsm sənətinə də maraq göstərən tələbə bu sahədə də özünü sınayıb. Fərdi sərgisi olmasa da, qrup şəklində miniatür sərgilərdə iştirak etdiyini deyir.
Gələcək planları isə daha böyük hədəflərə hesablanıb: “Fərqliliyi sevən birisi olaraq istəyərəm ki, fərqli və nümunəvi işlərimlə seçilim. Foto sahəsinində irəliləmək niyyətim var”.
O, artıq növbəti sərgisi haqqında da düşünür: “4-cü kursda universitetdə növbəti sərgi keçirmək istəyirəm. İnsanları cəlb edən fotolar çəkib sərgiyə əlavə etmək niyyətindəyəm. Elektron variantda da, açıq havada sərgilər keçirmək istəyirəm. Düşünürəm ki, müsabiqələrdə da iştirak etmək lazımdır, bu sərgi mənə stimul verdi”.
Mənbə: Azərbaycan müəllimi








