Praqa, Münhen, Nürnberq, Paris, Brüssel və Haaqa kimi Avropanın mühüm şəhərlərində böyük rəğbətlə qarşılanan və rezonans doğuran təsirli fotosərgi silsiləsi nəhayət doğma Bakıda sənətsevərlərə və geniş ictimaiyyətə təqdim olunacaq.
“Azərbaycan Şəhərsalma Həftəsi”nin ilk günündə baş tutacaq bu xüsusi sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.
“Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusuna həsr edilən sərgi ziyarətçilərə dərin emosional təcrübə vəd edir. Təqdim olunacaq fotoşəkillər işğal dövründə şəhər və kəndlərimizin məruz qaldığı misilsiz dağıntıları (urbisid), mövcud mina təhlükəsinin yaratdığı ağır fəsadları, eyni zamanda bu gün azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa işlərini və torpaqlarımıza yenidən qayıdan həyat nəfəsini vizual olaraq izləyicilərə çatdıracaq.
Bu layihə həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini azad edilmiş ərazilərdəki reallıqlara yönəltmək və orada yenidən yazılan qayıdış dastanının miqyasını nümayiş etdirmək məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, bu bənzərsiz fotosərgi 11 may tarixində, saat 12:00-dan 18:00-dək Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunacaq. Bütün şəhər sakinləri, media nümayəndələri və paytaxtımızın qonaqları bu tarixi və qürurverici inkişaf prosesinə şahidlik etməyə dəvətlidir. Tədbirə giriş sərbəstdir.



