FOTOXƏBƏRLƏR

Naxçıvanı səmadan və yerdən qarış-qarış lentə alan fotoqraf Davud Kəngərli

A+A-
Sıfırla

Naxçıvanın keçmişini bu günə daşıyan ən qiymətli mənbələrdən biri də köhnə fotoşəkillərdir. Bəzən bir foto uzun illərin tarixini, bir şəhərin dəyişən simasını, insanların həyat tərzini və artıq mövcud olmayan məkanları özündə yaşadır. Belə fotoların ərsəyə gəlməsində isə ömrünü bu işə həsr etmiş insanların xüsusi rolu vardır.

Bu günlərdə “Şərq qapısı” qəzetinin təqaüddə olan fotomüxbiri, tanınmış fotoqraf Davud Kəngərli ilə görüşümüz də məhz belə bir sənətkarın zəngin xatirələri ilə tanış olmaq baxımından olduqca maraqlı və yaddaqalan oldu.

Hazırda Bakıda yaşayan Davud müəllim yay aylarında doğma Naxçıvana gəlir və istirahətini məhz burada keçirməyə üstünlük verir. Onun söhbətindən də aydın hiss olunur ki, Naxçıvan onun üçün sadəcə doğulduğu və yaşadığı bir məkan deyil. Bu torpaq onun həyatının, yaradıcılığının və yaddaşının ayrılmaz hissəsidir. Davud müəllimin qəlbi bu gün də Naxçıvanla döyünür.

Naxçıvanın səmalardan çəkilən nadir fotoları

Mən Yunis Xəlilovun ixtisası hüquqşünas olsa da, sosial şəbəkə (xüsusilə facebook) hesablarımda əvvəllər paylaşdığım Naxçıvanın yüksəklikdən çəkilmiş köhnə fotoları izləyicilərin böyük marağına səbəb olmuşdu. Həmin şəkillərin hansı şəraitdə və necə çəkilməsi ən çox ünvanlanan suallardan biri idi.

Davud müəllim söhbət zamanı bildirdi ki, həmin fotoların bir hissəsini vertolyotdan çəkib. Sovet dövründə hərbçilərə məxsus vertolyot bir neçə dəfə onun fotoçəkiliş aparması üçün xidmət göstərib. Bu imkan sayəsində Naxçıvan şəhərinin, ayrı-ayrı yaşayış məntəqələrinin və tarixi məkanların səmadan nadir görüntüləri lentə alınıb.

Bu gün həmin fotolara baxarkən ilk növbədə şəhərin illər ərzində necə dəyişdiyini görürük. Yeni tikililərin yerində vaxtilə hansı binaların olduğu, küçələrin əvvəlki görünüşü, yaşayış massivləri, parklar və müxtəlif obyektlər həmin kadrlarda öz əksini tapıb. Bu baxımdan Davud müəllimin çəkdiyi fotolar təkcə sənət nümunəsi deyil, eyni zamanda mühüm tarixi sənədlərdir.

Naxçıvanı kənd-kənd, qəsəbə-qəsəbə gəzib Davud Kəngərlinin fotoarxivi yalnız Naxçıvan şəhəri ilə məhdudlaşmır. O, muxtar respublikanın kəndlərini və qəsəbələrini qarış-qarış gəzərək minlərlə fotoşəkil çəkib.

Tarixi abidələr, küçələr, yaşayış binaları, dükanlar, məktəblər, muzeylər, parklar, inzibati binalar, kənd mənzərələri və insanların gündəlik həyatı onun fotoobyektivindən kənarda qalmayıb. Bir sözlə, Davud müəllim Naxçıvanın görünən tarixini illər boyu səbrlə və peşəkarlıqla lentə alıb.

Bu fotoların dəyəri zaman keçdikcə daha da artır. Çünki illər əvvəl adi görünən bir küçə, bir mağaza, bir bina və ya bir park bu gün artıq tarixi əhəmiyyət daşıyır.

Davud müəllimin fotoşəkilləri həmin dövrün Naxçıvanını olduğu kimi görməyə imkan verir.

Onun çəkdiyi minlərlə fotonun böyük bir hissəsi hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunur. Bu qiymətli irsin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması olduqca mühüm əhəmiyyət daşıyır. Buna görə də həmin materialların mühafizəsinə göstərilən diqqətə görə Arxiv İdarəsinin rəhbərliyinə təşəkkür düşür.

Foto çəkməyin çətin olduğu illər

 Davud müəllim söhbət zamanı xüsusi vurğuladı ki, onun fəaliyyət göstərdiyi dövrdə foto çəkmək bugünkü qədər asan deyildi. İndi bir neçə saniyə ərzində yüzlərlə foto çəkmək, nəticəni dərhal görmək və lazım gəldikdə yenidən çəkiliş aparmaq mümkündür. O illərdə isə hər kadr böyük diqqət, dəqiqlik və peşəkarlıq tələb edirdi.

Fotoaparatların imkanları məhdud idi, lentlərin sayı az olurdu, çəkilən görüntünü dərhal görmək mümkün deyildi. Fotoqraf işığın istiqamətini, məsafəni, bucağı və çəkiliş anını əvvəlcədən düzgün müəyyən etməli idi. Uğursuz alınan bir kadrı yenidən çəkmək isə hər zaman mümkün olmurdu.

Bundan başqa, çəkilişdən sonra fotoların hazırlanması da ayrıca zəhmət tələb edirdi. Fotolentlər xüsusi şəraitdə yuyulur, görüntülər qaranlıq otaqlarda kağıza köçürülür və hər bir şəkil mərhələli şəkildə ərsəyə gətirilirdi. Davud müəllimin minlərlə fotosunun arxasında yalnız bir düymənin basılması deyil, böyük zəhmət, səbr və məsuliyyət dayanır.

“Şərq qapısı”nın mehriban kollektivi və köhnə xatirələr

Söhbətimiz zamanı Davud müəllim “Şərq qapısı” qəzetində çalışdığı illəri də böyük səmimiyyətlə xatırladı. O dövrün iş şəraitindən, qəzet əməkdaşları arasındakı mehriban münasibətlərdən, kollektiv ruhundan və qarşılıqlı hörmətdən danışdı.Onun xatirələrində yalnız işin çətinlikləri deyil, həm də həmin illərin səmimi insan münasibətləri, maraqlı hadisələri və gülüş doğuran məqamları yaşayır. Davud müəllim o dövrün Naxçıvanında baş verən bir sıra məzəli hadisələri də bizimlə bölüşdü.

Bu xatirələr bir daha göstərir ki, mətbuat tarixi yalnız dərc olunmuş qəzet səhifələrindən ibarət deyil. Hər bir yazının, hər bir fotonun arxasında insan taleləri, əməkdaşlıq, dostluq, çətinliklər və unudulmaz hadisələr dayanır.

Kadrlarda görünməyən qəhrəman

Fotoqraflar çox zaman özləri kadrlarda görünmürlər. Onlar hadisələrin arxasında dayanır, başqalarının həyatını, şəhərlərin tarixini və zamanın izlərini lentə alırlar. İllər sonra isə çəkdikləri fotolar danışmağa başlayır.

Davud Kəngərli də Naxçıvanın foto salnaməsini yaradan belə görünməz qəhrəmanlardan biridir. Onun fotoşəkilləri sayəsində bu gün biz onilliklər əvvəlki Naxçıvana baxa, şəhərin və kəndlərin əvvəlki görkəmini görə, insanların gündəlik həyatını təsəvvür edə bilirik.

Onun obyektivindən keçən hər bir kadr keçmişlə bu gün arasında körpü yaradır. Həmin şəkillər bizə yalnız Naxçıvanın necə dəyişdiyini göstərmir, eyni zamanda hansı tarixi yaddaşı qorumaq məsuliyyəti daşıdığımızı xatırladır.

Davud müəllimlə görüşümüz son dərəcə səmərəli və maraqlı oldu. Onun xatirələri, peşə fəaliyyəti, çəkilişlər zamanı qarşılaşdığı çətinliklər və Naxçıvana olan böyük sevgisi söhbətə xüsusi dəyər qatdı.

Belə sənətkarların həyat və yaradıcılığının daha geniş şəkildə araşdırılması, fotoarxivlərinin ictimaiyyətə təqdim olunması, xatirələrinin lentə alınması olduqca vacibdir. Çünki bu insanlar yalnız foto çəkməyiblər. Onlar bir diyarın tarixini, zamanın simasını və xalqın yaddaşını gələcək nəsillər üçün qoruyublar.

Davud Kəngərlinin çəkdiyi hər bir köhnə foto Naxçıvan tarixinin susmayan şahididir.

Mənbə: Moderator.az

FacebookTwitterWhatsappTelegramEmail