Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaradılmasının 30 illik yubileyi münasibətilə silsilə tədbirlər çərçivəsində fotoşəkillərdən ibarət sərginin açılışı olub.
AMPK-nın baş katibi Toğrul Rəhimov qeyd edib ki, bu tədbir komitənin 30 illik yubileyinə həsr olunmuş silsilə təşəbbüslərin tərkib hissəsidir: “Yaxınlarda yubileyə həsr edilən poçt markasının təqdimatı keçirilmişdi. Ondan əvvəl də müxtəlif tədbirlərimiz baş tutub və bu yubileyə aid olan layihələrimiz davam edəcək”.
Sərgidə nümayiş olunan kadrların dərin mənəvi əhəmiyyət daşıdığını vurğulayan baş katib deyib: “Bu fotolar sadəcə bir təsvir deyil. Hər bir şəklin arxasında idmançılarımızın əzmkarlığı, möhkəm iradəsi və qələbə əzmi dayanır. Ekspozisiyada paralimpiya çempionlarımızın, mükafatçılarımızın, eləcə də gənc nəsil idmançılarımızın fotoları yer alıb”.
Toğrul Rəhimov vurğulayıb ki, gənc paralimpiyaçıların yetişdirilməsi və onların idmançı kimi formalaşması Milli Paralimpiya Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Mənbə: AZƏRTAC


