XƏBƏRLƏR

19 avqust Dünya Fotoqrafiya Günüdür

A+A-
Sıfırla

19 avqust Dünya Fotoqrafiya və ya Dünya Foto Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib.
İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.
Bu tarix təsadüfən seçilməyib. 19 avqust 1839-cu ildə Fransa höküməti fransız kimyaçısı və ixtiraçısı Lui Jak Mande Daqerin daqerrotipin (iz) alınması metodu haqqındakı patentini alaraq, daqerrotipin kəşfini dünya ictimaiyyətinin sərvəti edib. Hazırki yüksək keyfiyyətli fotoqrafiyanın ilk “rüşeymi” bu tarixlə əlaqələndirilir.
Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.
Bu gün ölkəmizdə də qeyd olunur. Azərbaycanda foto sənəti hələ XIX əsrin 60-cı illərindən başlayır. Həmin dövrlərdə kapitan-leytenant Aleksandr Ulskinin çəkdiyi Bakının dənizdən görüntüləri Azərbaycan fotosunun dövrümüzə gəlib çatan ilk nümunələri hesab olunur.
Müasir dövrümüzdə isə ölkənin aparıcı foto təşkilatları olan Azərbaycan Fotoqrafiya Federasiyası, Gilavar Foto Klubu, eləcə də Azərbaycan Fotoqrafları Birliyi tərəfindən Azərbaycan foto sənətinin inkişafı istiqamətində bir sıra işlər aparılır. Yerli fotoqraflar üçün müxtəlif layihələr, foto və sosial təlimlər, yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr, fotosərgilər təşkil edilir, onların beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirakına şərait yaradılır.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT