Dekabrın 23-də ilin idman yekunları ilə bağlı qala mərasimi təşkil edilib. Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb.
Tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir il ərzində 2113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlı olduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekord göstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunu vurğulayıb.
2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə ilin ən yaxşı idman fotoqrafları da açıqlanıb. Birinci yerə “Gilavar Foto Klubu” ictimai birliyinin üzvü, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərov layiq görülüb. İkinci idman.biz saytının fotoqrafı İslam Atakişiyev, üçüncü isə “Report” informasiya agentliyinin fotmüxbiri Samirə Həsənova olub. Qaliblərə mükafatı Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov təqdim edib.
Mənbə: AZƏRTAC








