FOTOXƏBƏRLƏR

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal fotoqrafla MÜSAHİBƏ

A+A-
Sıfırla

Fotoqrafiyanın xüsusi istiqamətlərindən biri olan ekstremal və dağ fotoqrafiyası yalnız təbiət mənzərələrini lentə almaq deyil, həm də sərt hava şəraitində insanın təbiətlə mübarizəsini, riskləri və dağların özünəməxsusluğunu əks etdirməkdir. Bu sahə fotoqrafdan yüksək peşəkarlıqla yanaşı, fiziki hazırlıq, dözümlülük və təhlükəni düzgün qiymətləndirmək bacarığı tələb edir. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən fotoqraflardan biri də “Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü Zamin Cəfərovdur.

Azərbaycanın müxtəlif dağlıq ərazilərində mürəkkəb hava şəraitində çəkilişlər aparan, fotoyürüşlər təşkil edən və təbiətin insanla münasibətini fotoobyektiv vasitəsilə göstərməyə çalışan fotoqraf AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

Zamin müəllim, fotoqrafiyaya marağınız necə yarandı və sizi ekstremal və dağ fotoqrafiyasına gətirən nə oldu?

– Foto sənəti ilə 2009-cu ildən məşğul oluram. Dağlara isə əvvəlcədən marağım var idi. Sadəcə, dağ yürüşləri ilə fotoqrafiyanın birləşməsi bu sahəyə gəlişimdən bir-iki il sonra baş verdi. Buna səbəb dostum, fotoqraf Zaur Mirzəyev oldu. O, bir gün mənə “Dağlarla aran necədir, bəlkə, yürüşlərə başlayaq?”, — deyə sual verdi. Mən də bu fikri bəyəndim. Üç dost – Vüsal Mustafayev, Zaur Mirzəyev və mən dağçılıq kurslarına yazıldıq və mütəmadi olaraq yürüşlərə başladıq. İlk yürüşümüz Qızılqaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən Heydər zirvəsinə oldu. Əsas məqsədimiz Azərbaycanda ekstremal fotoqrafiyanı inkişaf etdirmək, mümkün qədər yüksək zirvələrə yürüşlər edərək, oradan sənədli fotoşəkillərlə qayıtmaq və hər kəsin gedə bilmədiyi yerləri daha geniş auditoriyaya göstərmək idi.

– Dağ fotoqrafiyasını bu sahənin digər janrlarından fərqləndirən əsas cəhətlər hansılardır?

– Ekstremal və dağ fotoqrafiyası digər janrlardan kifayət qədər fərqlənir. Burada, ilk növbədə, təhlükəsizlik məsələsi dayanır. Elə yürüşlər olur ki, oradan heç də həmişə istədiyin fotolarla qayıtmırsan. Buna əvvəlcədən hazır olmalısan və gözləntini çox yüksək tutmamalısan.

Dağda hava hər an dəyişə bilər. Hətta belə bir hadisə yaşamışam. Bir fotoda dağ yoldaşımızı çəkirdim. Kameranın ekranına baxıb, başımı qaldırdım və gördüm ki, arxadakı mənzərə tamamilə itib, hər tərəfi duman bürüyüb. Bu, bir neçə saniyə ərzində baş verdi. Belə dəyişkən şəraitdə təhlükəsizlik məsələsi xüsusilə önəmlidir.

Bundan başqa, insan daim öz üzərində işləməlidir. Fiziki cəhətdən güclü olmalı, idmanla məşğul olmalı, ayaq əzələlərini möhkəmləndirməlidir. Dağçılığın öz qaydaları var. Relyefi düzgün qiymətləndirməyi, təhlükəni öncədən görməyi bacarmalısan. Küləkdə, çovğunda, qarda foto çəkmək heç də asan deyil. İlk yürüşlərimdə bəzən öz-özümə “Mənim burada nə işim var?”, — deyirdim. Çünki fiziki cəhətdən hələ hazır deyildim və yeni başlamışdım. Foto çəkmək onsuz da çətindir. Dağda bəzən yeməyə belə iştahan olmur. Lakin əsas məsələ enerjidir, qidalanma və su çox vacibdir. Amma illər ərzində mütəmadi olaraq öz üzərimdə işlədikcə hər şey tədricən qaydasına düşdü. İnsan həm fiziki, həm də psixoloji baxımdan həmin şəraitə uyğunlaşır.

– Çətin hava şəraitinin çəkilişlərə təsiri necə olur?

– Çox böyük təsiri var. Hava şəraiti kəskin dəyişəndə foto çəkmək bəzən, ümumiyyətlə, mümkün olmur. Güclü yağış və külək həm çəkilişə mane olur, həm də fotoaparat üçün təhlükə yaradır. Ona görə də dağ fotoqrafı hava şəraitini daim nəzərə almalıdır. Yaddaşımda xüsusi qalan çətin çəkilişlərdən bir neçəsini qeyd etmək istərdim. Məsələn, 2013-cü ildə Şahdağ zirvəsinə yürüşümüz olmuşdu. Zirvəyə yaxın ərazilərdə hava dəyişdi, çovğun və tufan başladı. Orada çəkilən bir foto hələ də yadımdadır. Küləkli havada qar yağırdı, biz isə irəliləyirdik. Həmin yürüşdə çətinlik yaşamışdım.

Bundan başqa, mütəmadi olaraq fotoyürüşlər də təşkil edirəm. Ötən il korporativ yürüşlərdən birini Xınalıq kəndi yaxınlığında yerləşən, 2783 metr yüksəkliyə malik olan və şəhidlərimizin xatirəsinə «Xarıbülbül» adlandırılan zirvəyə keçirdik. Yürüşü məhz 27 sentyabr – Anım Günü üçün planlaşdırmışdıq. Hava şəraitinin yağışlı olacağını bilirdik və iştirakçıları əvvəlcədən buna uyğun təlimatlandırmışdıq. Planımız belə idi ki, 20 nəfərdən ibarət qrupun hər bir üzvü A3 formatında bir plakat tutsun və üzərində şəhidlərin xatirəsinə həsr olunmuş sözlər yazılsın. 2783 metr yüksəklikdə həmin fotonu çəkəndə hər kəsin əlləri donmuşdu. Külək əsir, zirvədə qar yağırdı. Sentyabr olmasına baxmayaraq, hava kifayət qədər sərt idi. Amma həmin foto mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki o an artıq qərar verməli idik ki, zirvədə çox qalmayaq. Düşünürəm ki, yaxşı ki, həmin an o fotonu çəkə bildik.

– Azərbaycanın dağ fotoqrafiyası üçün imkanlarını necə qiymətləndirirsiniz?

– Azərbaycan dağ fotoqrafiyası baxımından çox geniş imkanlara malik ölkədir. İqlim qurşaqlarımız kifayət qədər müxtəlifdir. Cənub zonasında subtropik iqlim olduğu halda, başqa ərazilərdə tamamilə fərqli relyef və təbiət mənzərələri ilə qarşılaşırıq. Xüsusilə Böyük Qafqazı və Kiçik Qafqazı qeyd edərdim. Burada həm mürəkkəb relyef, həm də möhtəşəm təbiət mənzərələri var. Şahdağ, Qızılqaya massivləri, eləcə də Kiçik Qafqazın Kəlbəcər və Laçın əraziləri olduqca böyük fotoqrafiya potensialına malikdir. Ümid edirəm ki, yaxın illərdə fotoqraflarımız həmin ərazilərə daha çox səfərlər edəcək və qeyd olunan yerlərin gözəlliklərini geniş auditoriyaya təqdim edəcəklər.

– Sizcə, ekstremal və dağ fotoqrafiyasının əsas məqsədi yalnız gözəl mənzərəni göstərməkdir, yoxsa həmin mənzərənin arxasındakı hekayəni də çatdırmaq lazımdır?

– Fikrimcə, əsas məqsəd yalnız gözəl mənzərəni göstərmək deyil. Çünki, sadəcə, gözəl mənzərəni hər kəs görüb çəkə bilər. Əsas məsələ onun arxasında duran çətinlikləri də göstərməkdir.

Dağın möhkəmliyini, möhtəşəmliyini, insanın onun qarşısında nə qədər kiçik və aciz olduğunu foto ilə ifadə etmək mümkündür. Təbiətlə insan arasındakı əlaqəni göstərmək lazımdır. Bunun üçün isə təbiəti sevmək, onu hiss etmək vacibdir. Fotoqraf hansısa fikri tamaşaçıya çatdırmaq istəyirsə, özü həmin hissi yaşamalıdır.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail