Hər il avqustun 19-u bütün dünyada Ümumdünya Fotoqrafiya Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1839-cu il avqustun 19-da fransız rəssamı və ixtiraçısı Lui Jak Mande Dager tərəfindən yaradılmış dagerotipiya üsulu Fransa hökuməti tərəfindən ictimaiyyətə təqdim olunub və bu ixtira “dünyaya hədiyyə” elan edilib. Bu hadisə fotoqrafiyanın inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.
Lakin fotoqrafiyanın tarixi daha əvvələ gedib çıxır. 1826-cı ildə fransız ixtiraçı Jozef Nisefor Nyeps dünyanın ilk daimi fotoşəklini əldə etməyə nail olub. “Le Qradakı pəncərədən görünüş” adlanan bu fotoşəkil müasir fotoqrafiyanın başlanğıcı hesab edilir. Sonralar Lui Dager bu prosesi təkmilləşdirərək fotoqrafiyanın daha geniş yayılmasına və kütləviləşməsinə şərait yaradıb.
Fotoqrafiyanın inkişaf mərhələləri bir neçə mühüm hadisə ilə yadda qalıb. 1861-ci ildə fizik Ceyms Maksvell ilk rəngli fotoşəkli təqdim edib. 1981-ci ildə isə “Sony” şirkətinin elektron kamerası rəqəmsal fotoqrafiya dövrünün başlanğıcını qoyub və bu sahədə yeni bir mərhələ açıb.
2026-cı il dünya fotoqrafiyası üçün xüsusi əhəmiyyət daşıyır. Bu il fotoqrafiyanın 200 illiyi qeyd olunur. İki əsr ərzində fotoqrafiya təkcə texniki yenilik kimi deyil, həm də tarixi, mədəniyyəti, insan talelərini və cəmiyyətin yaddaşını qoruyan mühüm bir sənət sahəsi kimi inkişaf edib.
Cari il Azərbaycan fotoqrafiyası üçün də əlamətdar bir ildir. Bu il ölkəmizdə fotoqrafiyanın yaranmasının 165 illiyi tamam olur. Azərbaycan fotoqrafiyasının tarixi 1861-ci ildə rus hərbçisi və səyyahı Aleksandr Ulskinin Bakı buxtasının görüntülərini lentə alması ilə başlayıb. Həmin dövrdən etibarən milli fotoqrafiyamız zəngin inkişaf yolu keçərək ölkənin tarixi, mədəni və ictimai həyatının sənədləşdirilməsində mühüm rol oynayıb.
Ümumdünya Fotoqrafiya Gününün beynəlxalq səviyyədə qeyd olunması təşəbbüsü isə 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən irəli sürülüb. Həmin vaxtdan etibarən avqustun 19-u dünyanın müxtəlif ölkələrində həm peşəkar, həm də həvəskar fotoqrafların bayramı kimi qeyd edilir.
Bu gün fotoqrafiya sadəcə bir peşə və ya hobbi deyil. O, zamanın izlərini qoruyan, tarixi gələcək nəsillərə çatdıran, insanları və cəmiyyətləri bir-birinə bağlayan universal bir dildir.


