TƏDBİRLƏR

Açıq havada “Foto Kadr 2019” təqdimat mərasimi keçirilib

A+A-
Sıfırla

Sentyabr ayının 24-də Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin futbol meydançasında açıq havada Gilavar Foto Klubunun “Foto Kadr 2019” təqdimat və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq yalnız təşkilatçılar, mükafatçılar və məhdud sayda KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gilavar Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq olduğunu vurğulayıb. Tədbirin baş tutmasında Gənclər və İdman Nazirliyinə, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürlərini çatdırıb.

Klubunun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev ötən 2019-cu il ərzində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd edilib ki, ötən il klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin xüsusi icazələri ilə “Spring Clicks Circuit 2019” adlı beynəlxalq fotomüsabiqə həyata keçirilib. Klub tərəfindən təşkil edilən fotomüsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 min 67 foto təqdim edib. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb. Azərbaycanlı fotoqraflar bu yarışmada ümumilikdə 13 mükafat qazanıblar.

Bildirib ki, Gilavar Foto Klubunun üzvləri mütəmadi olaraq fərdi fotomüsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. 2019-cu ildə klub üzvləri olan fotoqraflar 44, ümumilikdə isə il ərzində 69 beynəlxalq ödül əldə ediblər. Qalib fotoqrafların işləri isə müsabiqələrin keçirildiyi ölkələrdə sərgilənir.

Diqqətə çatdırılıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq fotoaləmdə təmsil olunublar. Belə ki, ötən il İspaniyada keçirilən federasiyalararası bienal fotomüsabiqəsində Azərbaycan 22 fotoqrafla təmsil olunub. Ümumilikdə 1118 foto təqdim olunan müsabiqədə azərbaycanlı fotoqraflar 328 bal toplayaraq komanda hesabında 45 ölkə arasında 14-cü olub. Fərdi qiymətləndirmədə Ramil Zeynalovun “Mən qalibəm” fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Fotoqrafiyanın yaranmasının 180-ci və Dünya Fotoqrafiya gününün qeyd olunmasının 15-ci il dönümü münasibətilə 2019-cu ildə avqust ayında Hindistanda böyük bir sərgi təşkil olunub. Həmin sərgidə 10 müəllifin işi sərgilənib və həmin fotoqraflara sertifikatlar təqdim edilib. İtaliyada keçirilən 14-cü FIAP Klublarının Dünya Çempionatında 20 fotoqrafla Azərbaycanı ikinci dəfə bu foto yarışmada yenidən Gilavar Foto Klubu təmsil edib. Müsabiqəyə dünyanın 48 ölkəsindən 4 min 118 foto təqdim edilib. Yekunda Azərbaycan təmsilçiləri 318 bal toplayaraq 207 foto klub arasında 94-cü yerdə qərarlaşıb.

Klubun həmsədri Rəşad Mehdiyev bildirib ki, o eyni zamanda, Beynəlxalq Foto Sənəti Federasiyasının Azərbaycan üzrə təmsilçisi statusuna malikdir və FIAP təşkilatı ilə fotoqraflar arasında bir körpü funksiyasını yerinə yetirir. Məlumat verilib ki, 3-4 il öncə bu cür müsabiqələrə qatılan fotoqrafların sayı 3 idisə, hazırda ümumilikdə 20-25 arasıdır. 2015-ci ildən bu tərəfə FIAP himayədarlığı altında fotomüsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 230-dan artıq müxtəlif mükafat qazanılıb. Bunlar arasında müxtəlif fotoqrafiya təşkilatlarının və fotoklubların qızıl, gümüş və bürünc medalları, xüsusi lentlər, diplom və sertifikatlar yer alır. Fotoqraflarımız ölkəmizin adına 70-ə yaxın medal qazandırıblar ki, onlardan 33-ü qızıl medaldır.

Tədbir çərçivəsində Gilavar Foto Klubunun yeni hazırlanmış medallarının və fəxri lentinin təqdimatı da keçirilib. Qızıl, gümüş və bürünc əyarlı medallar və fəxri lentlər xarici ölkələr hazırlanıb.

Sonra klub tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Azərbaycan Televiziyası (AZTV) və “SalamNews” İnformasiya Agentliyi Gilavar Foto Klubu tərəfindən xüsusi diplomla təltif ediliblər. Bundan əlavə, ötən ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanmış fotoqraflar Kərim Abbasov və Nadejda Cavadovaya bu qurumun xüsusi diplomları təqdim edilib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT