XƏBƏRLƏR

Azərbaycan Fotoqrafiya Federasiyası yaradılıb

A+A-
Sıfırla

Dünyanın müxtəlif ölkələrində fotoqrafiyanın inkişafına töhfə verən, foto sahəsi üzrə həmin ölkələri təmsil edən qeyri-hökümət təşkilatları olan federasiyalar, assosiasiyalar, cəmiyyətlər fəaliyyət göstərir. Xarici foto təşkilatların tarixinə, strategiyasına və təcrübəsinə əsaslanaraq Azərbaycanda da statuslu fotoqrafiya təşkilatının yaradılmasına ehtiyac duyulurdu. Bu səbəbdən «Azərbaycan Fotoqrafiya Federasiyası» ictimai birliyi adlı yeni foto təşkilat yaradılıb. Beləliklə də, bu il 162 illiyinin qeyd edən Azərbaycan fotoqrafiya tarixində yeni səhifə açılıb.

Təşkilat 1 dekabr 2022-ci ildə təsis edilib və Nizamnaməsi qəbul olunub. Hazırda Birliyin sənədləri dövlət qeydiyyatına alınması məqsədilə Ədliyyə Nazirliyinə təqdim edilib.

Məqsəd ölkədə fotoqrafiya sahəsi üzrə fəaliyyət göstərən bütün təşkilatları bir çətir altında birləşdirmək, foto sənətinin inkişafına və təkmilləşdirilməsi işinə kömək etmək, bu sahəyə diqqətin artırılması istiqamətində işlər görmək, müxtəlif proqramlar hazırlamaq, hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əlaqələr qurmaqdır. Bundan əlavə, fotoqrafların fərdi inkişafları üçün müxtəlif kurslar və seminarlar, yerli və beynəlxalq səviyyəli foto müsabiqələr, foto sərgilər təşkil etmək, Azərbaycan fotosunu xaricdə təmsil etməkdir.

Birlik nizamnaməsində qarşıya qoyulan hədəflərə çatmaq üçün bir sıra tədbirlər həyata keçirəcək. Belə ki, gələcəkdə Federasiyanın tərkibində foto sənətinin inkişafına xidmət edəcək fotoqrafiya məktəbinin, fotoqrafiya muzeyinin, foto arxivin, foto kitabxananın və digər alt təşkilatların yaradırılması nəzərdə tutulur. Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin bir hissəsi olan fotoqrafiyanın inkişafına və ölkəmizdə geniş yayılmasına təkan verəcək. Həmçinin istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə dəstək vermək, foto sənəti üzrə təhsil almağa təşviq və bu istiqamətdə onlara yardım etmək, müxtəlif layihələr həyata keçirmək, sənədli filmlər hazırlamaq təşkilatın hədəf və vəzifələri arasındadır.

Qeyd edək ki, foto təşkilatın təsisçiləri tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyevdir. Fotoqraflar eyni zamanda «Gilavar Foto Klubu» ictimai birliyinin təsisçiləridir.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT