XƏBƏRLƏR

Azərbaycanda Gilavar Foto Klubu adlı yeni fotoklub yaradılıb

A+A-
Sıfırla

Azərbaycanda Gilavar Foto Klubu adlı yeni fotoklub fəaliyyətə başlayıb. Məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

Təşkilat yerli və beynəlxalq fotomüsabiqələrin keçirilməsinə dəstək verəcək. Hazırda dünyanın bir çox ölkələrində hər il böyük fotoyarışmalar və sərgilər keçirilir ki, onlar da bu cür fotoklubların təşkilatçılığı ilə baş tutur. Bu müsabiqələrdə fotoların seçimi və qaliblərin təyin edilməsi peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən aparılır. Müsabiqələr xüsusi veb saytlar vasitəsi ilə təşkil edilir ki, səsvermə zamanı fotoların müəllifləri anonim qalır. Hər bir münsif bəyəndiyi fotolara ballar verir və nəticədə daha çox bal toplamış müəlliflər qalib olur. Bu sistem fotolara düzgün və obyektiv qiymət verilməsinə şərait yaradır.

Azərbaycanda bir çox fotomüsabiqələr keçirilsə də, ancaq beynəlxalq fotoqrafiya təşkilatlarının himayəçiliyi (patronajlığı) və qaydaları ilə yarışmalar çox az sayda keçirilib. Beynəlxalq səviyyəli fotomüsabiqələrin keçirilməsi üçün həmin təşkilatlar tərəfindən icazə və lisenziyaların alınması tələb olunur. Bu da güclü təşkilatçılıq və böyük maliyyə vəsaiti tələb edir. Həmin müsabiqələrin qaliblərinə beynəlxalq fotoqrafiya təşkilatlarının medalları, xüsusi lent və diplomları təqdim edilir.

Gilavar Foto Klubu yeni yaranmasına baxmayaraq, artıq FIAP təşkilatına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycanda yerli fərdi klub statusunu əldə edib. Fransız dilindən tərcümədə Beynəlxalq Foto Sənəti Federasiyası mənasını verən FIAP dünyada YUNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.

Qeyd edək ki, Gilavar Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun www.gilavar.net veb saytı və facebook sosial şəbəkəsində səhifəsi mövcuddur.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT