XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 11 mükafat qazanıblar

A+A-
Sıfırla

Gilavar Foto Klubuun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

Azerbaijan Photo Salon 2021 adlı müsabiqəyə dünyanın 75 ölkəsindən 519 fotoqraf tərəfindən 7300 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, İtaliya və Hindistandan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma Gilavar Foto Klubu tərəfindən həyata keçirilən sayca yeddinci beynəlxalq fotomüsabiqədir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 38 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov gümüş medal və fəxri lent, Roman İsmayılov, Orxan Əzimov, Valeriy Xlızov, Aleksandr Firstov, Fərqanə Qasımlı fəxri lent, Nurlan Tahirli və Rüstəm Məhərrəmov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 11 mükafat əldə olunub”.

Qeyd edək ki, Gilavar Foto Klubu əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son dörd ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların, eləcə də qazanılan mükafatların sayı artır.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT