XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 13 mükafat qazanıblar

A+A-
Sıfırla

Gilavar Foto Klubunun təşkilatı dəstəyi keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub. Fotomüsabiqə 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilib.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən SPRING CLICKS 2019 adlı fotomüsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 mindən artıq foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) foto müxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və Gilavar Foto Klubunun həmsədri, “İdman” qəzetinin foto müxbiri Dilavər Nəcəfov da yer alıb.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 208 fotoqraf, o cümlədən Azərbaycandan olan fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov, Ramil Zeynalov, Şahin Sərdarov, Aleksandr Firstov, Orxan Əzimov və Nadejda Cavadova layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 13 mükafat əldə olunub. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, Gilavar Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son iki ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların sayı, eləcə də qazanılan mükafatların sayı artır.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT