Gilavar Foto Klubunun da təşkilatı dəstəyi 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilən beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən AUTUMN CIRCUIT 2018 adlı fotomüsabiqəyə 53 ölkədən 273 fotoqraf 3 min 463 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və Gilavar Foto Klubunun həmsədri Rəşad Mehdiyev də yer alıb.
Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 46 ölkənin 200 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov və Kelvin Qasımov layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 20 mükafat əldə olunub. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.