Bakı Fotoqrafiya Evində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və mədəniyyət xadimi Anna İbrahimbəyovanın “Sirlər güzgüsü” adlı fotosərgisi açılıb.
Sərgi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən təşkil olunub və Azərbaycanda mədəniyyətin inkişafına və populyarlaşmasına mühüm töhfələr vermiş Anna İbrahimbəyovaya həsr olunub.
Açılışda çıxış edən o, təşkilatçılara təşəkkürünü bildirib: “Qoruq İdarəsinin mənim işimə həsr olunmuş sərgi təqdim etməsindən çox məmnunam”.
Öz növbəsində İçərişəhər İdarəsinin Aparat rəhbəri Yuliya Pasternak bildirib ki, bu gün salonda xüsusi harmoniya, gözəllik və ilham atmosferi hiss olunur. Onun sözlərinə görə, bu məkan uzun müddətdir ki, qoruğun aktiv məkanlarından biri olub. Sərgidə rəssamın həm ətraf aləmlə, həm də öz daxili vəziyyəti ilə dərin və səmimi dialoqu əks etdirən 40 fotoşəkili nümayiş olunur. Vizual təsvirlər vasitəsilə layihə özünüdərk və daxili araşdırma mövzusuna toxunur, həyatın görünən və görünməyən təbəqələrini ortaya qoyur.
“Sirlər güzgüsü” təkcə fotoşəkillərin nümayişi deyil, həm də rəssamla izləyici arasında emosional və fəlsəfi ünsiyyət üçün bir platformadır.
Sərgi ilk dəfə 2022-ci ildə Qız Qalası Qalereyasında, Azərbaycanın Əməkdar Rəssamı Səbinə Şıxlinskayanın kuratorluğu ilə təqdim olunub.
Mənbə: AZƏRTAC

















