Buxara şəhərində “Özbəkistan və Azərbaycan-iki qardaş xalq” mövzusunda beynəlxalq tədbir və “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” adlı kitab-albomun təqdimatı keçirilib.
Tədbirdə “Özarxiv” agentliyinin və Azərbaycan Milli Arxiv İdarəsinin rəhbərləri, mərkəzin nümayəndəsi, elm xadimləri, ziyalı və tələbələr iştirak ediblər. Tədbir iştirakçılarına “Özbəkistan və Azərbaycan — iki qardaş xalq” mövzusundakı arxiv sənədlərinin fotosərgisi təqdim edilib.
Fotosərgidə Özbəkistan Kino-Foto-Fono Sənədləri Milli Arxivi və Azərbaycan Milli Arxivi fondunda qorunan, 1930-2023-cü illəri əhatə edən dövrə dair iki dövlətin mədəni-humanitar münasibətlərinə aid 50-dən çox arxiv fotosənəd və onların elmi-məlumat xarakteristikaları nümayiş edilib. Sərgidə Özbəkistan nümayəndələrinin Azərbaycana və Azərbaycan nümayəndələrinin Özbəkistana səfərləri, iqtisadiyyat, elm, mədəniyyət sahələrində əməkdaşlıq, iki xalqın ədəbiyyat və incəsənət günlərini əks etdirən fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Fotosərgidən sonra isə “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” kitab-albomunun təqdimatı keçirilib.
Tədbirdə “Özarxiv” agentliyinin direktoru Uluqbek Yusupov çıxış edərək iki ölkə arasındakı münasibətlərdən söz açıb.
Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, professor Əsgər Rəsulov Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. Dövlətçilik tarixində, idarəetmədə arxiv materiallarının böyük önəmindən söz açan Əsgər Rəsulov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, arxiv sahəsində də sıx əməkdaşlığın olduğunu qeyd edərək hazırda təqdimatı keçirilən kitabın bu əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, təqdimatı keçirilən “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” kitab-albomuna Özbəkistan Kino-Foto-Fono Sənədləri Milli Arxivi və Azərbaycan Milli Arxivində qorunan, 1930–2023-cü illəri əhatə edən dövrdə iki dövlətin mədəni-humanitar əlaqələrinə dair 250-yə yaxın arxiv foto sənəd və onların elmi-məlumat xarakteristikaları daxil edilib.
Mənbə: AZƏRTAC