TƏDBİRLƏR

“Foto Kadr 2020” mükafatlandırma mərasimi keçirilib

A+A-
Sıfırla

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Gilavar Foto Klubunun “Foto Kadr 2020” təqdimat və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə rəsmi şəxslər, mətbuat katibləri, fotoqraflar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin bir dəqiqəlik süküt edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Gilavar Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq olduğunu vurğulayıb. Dilavər Nəcəfov tədbirin baş tutmasında Gənclər və İdman Nazirliyinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, ASAN Könüllülər Təşkilatına, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və KİV nümayəndlərinə təşəkkürlərini çatdırıb.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Prezident Administrasiyasının məsul əməkdaşı Ayşə Məhərrəmova, eləcə də müxtəlif qurumların mətbuat katibləri Gilavar Foto Klubunun fəaliyyətinin yüksək dəyərləndirib, Azərbaycan foto sənətinin inkişafına verdiyi töhfəyə görə minnətdarlıqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, fotomüsabiqələrin, bu cür tədbirlərin, mükafatlandırma mərasimlərinin keçirilməsi fotoqraflarda motivasiya yaradır.

Klubunun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev 2020-ci il ərzində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd edilib ki, fotoklub 4 ilə yaxındır ki yaranıb və bir çox işlər görülüb. Bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP), Amerika Fotoqrafiya Cəmiyyətinin, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə doqquz beynəlxalq fotomüsabiqə həyata keçirilib. Bundan əlavə 3 yerli fotomüsabiqə təşkil olunub. Klub tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqələrə dünyanın 80-ə yaxın ölkəsindən ümumilikdə 3200-dən artıq fotoqraf qatılıb. Ötən il klub tərəfindən Azerbaijan Photo Salon 2020 və Baku 2020 beynəlxalq fotomüsabiqələri keçirilib. Bu müsabiqələrdə azərbaycanlı fotoqraflar ümumilikdə 16 mükafat qazanıblar. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Misir və Şimali Makedoniyadan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb.

Bildirilib ki, Gilavar Foto Klubunun üzvləri və eləcə də azərbaycanlı fotoqraflar mütəmadi olaraq beynəlxalq foto müsabiqələrdə də iştirak edərək mükafatlar qazanırlar. Təkcə 2020-ci il ərzində fotoqraflarımız Azərbaycanın adına 66 beynəlxalq mükafat qazandırıblar. Ümumilikdə isə 2016-2020-ci illər ərzində FIAP himayəçiliyi ilə keçirilən fotomüsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 258 mükafat əldə olunub. Onlardan 39-u qızıl, 23-ü gümüş, 21-i bürünc medallar, 137 fəxri lent, 38 diplom və sertifikatlardır.

Diqqətə çatdırılıb ki, Azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunublar. Belə ki, bu il Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 29-cu FIAP Rəngli Bienal adlı beynəlxalq fotomüsabiqə keçirilib. Fransada keçirilən müsabiqəyə dünyanın 42 ölkəsindən 1192 foto təqdim olunub. Azərbaycanı bu yarışmada 18 fotoqrafla Gilavar Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən Heydər Əliyev Mərkəzi (rəqəmsal) və Gimnast qızlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Fərdi qiymətləndirmədə Valeriy Xlızovun “Uçuş” (“Flight”) fotosu Fransa Fotoqrafiya Federasiyasının gümüş medalını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 6-cı sırada qərarlaşıblar. Onluğa düşən Azərbaycanı təmsil edən Gilavar Foto Klubu Beynəlxalq Foto Sənəti Federasiyasının Fəxri lentini qazanıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Gilavar Foto Klubu Beynəlxalq Foto Sənəti Federasiyasının üzvü və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən foto təşkilat dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Azərbaycandan 7 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb. Bu il daha bir fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adını almağa namizəddir.

Klubun həmsədri Rəşad Mehdiyev bildirib ki, Gilavar Foto Klubu bu ildən başlayaraq “Azərbaycan Press Foto” – “İlin Press Fotosu” adlı müsabiqəyə start verib. “Azərbaycan Press Foto 2020” adlanan ilk belə müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Yarışmaya 17 press fotoqraf tərəfindən 229 foto təqdim edilib. Pandemiya şəraiti ilə əlaqədar olaraq dörd mövzu üzrə yetərincə foto təqdim olunmadığından yalnız xəbər, xəbər seriya, gündəlik həyat və portret mövzuları üzrə qaliblər təyin edilib. Hər mövzu üzrə üç qalib seçilib. Yekunda fotojurnalist Famil Mahmudbəylinin 44-günlük Vətən müharibəsi zamanı Tərtər rayonunda çəkdiyi foto “İlin Press Fotosu” seçilib.

Eyni zamanda, klub tərəfindən həyata keçirilən  digər layihələr barədə də məlumat verlib. Qeyd olunub ki, 2020-2021-ci illərdə klub tərəfindən 3 layihə həyata keçirilib. Onlardan ikisi dünyanı cənginə alan pandemiya dönəmində əzmlə çalışan KİV nümayəndələrinin şəxsi fotolarından və pandemiya zamanı azərbaycanlı fotoqraflar tərəfindən çəkilmiş fotolardan ibarət “Koronavirus” və “Koronavirus 2” adlı virtual sərgilər olub. Sonucu layihə isə “Müharibənin acısını çəkənlər” adlanıb. Layihə 44 günlük Vətən müharibəsi zamanı çətinlikləri və həyatı üçün təhlükə riskini göz önünə alaraq peşə fəaliyyətini davam etdirən, həmçinin qələmini, kamerasını silaha dəyişərək döyüşlərdə iştirak edən media nümayənlərinə həsr olunub.

Tədbir çərçivəsində qonaqlara “Foto Kadr 2018” və “Foto Kadr 2019” tədbirindən, “Azerbaijan Photo Salon 2020” fotomüsabiqəsində qalib gəlmiş fotolardan ibarət video çarxlar nümayiş olunub. Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların, eləcə də Azərbaycan Press Foto 2020 müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə CBC Azərbaycan Televiziyası və Azpress.Az xəbər saytı Gilavar Foto Klubu tərəfindən plaketlərlə təltif ediliblər. Bundan əlavə, ötən ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanmış fotoqraflara həmin qurumun xüsusi diplomları və döş nişanları təqdim edilib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT