Onun təcrübəsi isə hamıya gərəklidir
Fotoqrafiya romantik və cəlbedici yaradıcılıq növüdür. Bu sənət XIX əsrdə yarandığı gündən daim yenilənib təkmilləşib, indi özünün ən yüksək mərhələsinə çatıb. Əvəzolunmaz foto sənəti həyatın hər anını əbədiləşdirən təsviri vasitə kimi hamıya və hər kəsə xidmətini davam etdirir. Sevindirici haldır ki, bu gün də minlərlə gənclərimiz foto çəkməklə məşğul olur və bu sənəti sevə-sevə yaşadırlar.
Bu gün Azərbaycan fotoqraflarının arzusu budur ki, onların da bir yerə toplaşıb tədbirlər keçirməyə, əl işlərini, foto sənətinə dair lazımi və vacib nümunələri sərgiləməyə bir mərkəzi olsun. Belə istedadlı gənclərdən biri də Bakıda fəaliyyət göstərən Gilavar Foto Klubu, Azərbaycan Fotoqrafiya Federasiyasının təsisçilərindən biri Rəşad Mehdiyevlə söhbətimizdə də bu istək ümidlə səsləndi:
– Rəşad bəy, müsahibəmizə bu sənətə gəlişiniz və uğurlarınız barədə bilgi vermənizlə başlayaq.
– Uşaqlıqdan foto sənətinə çox böyük marağım olub. Gün gəldi ki, bu sahə ilə daha ciddi məşğul olmağa başladım. Əvvəllər foto və video sahəsi ilə paralel şəkildə məşğul olurdum. Sonra, fikrimi yalnız foto sənətinə yönləndirdim. O illərdə hətta iş təklifləri də olurdu. Lakin bütün dəvətlərdən imtina edərək sərbəst şəkildə bu sahə üzrə çalışmağı qərara aldım. 2017-ci ildə həmkarım Dilavər Nəcəfovla birgə Gilavar Foto Klubunu təsis etdik və elə həmin ildən də fəaliyyətə başladıq.
Bu təşkilatı yaratmaqda məqsədimiz ölkədə fotoqrafiyanın inkişafına və bu sahəyə marağı olan insanlara dəstək olmaq, ölkəmizi bu yaradıcılıqla dünyada tanıtmaq, beynəlxalq fotomüsabiqələrdə və sərgilərdə iştirak etmək, mükafatlar qazanmaq idi. Çalışdıq və bu işin öhdəsindən gəldik. İşimizi daha da genişləndirmək üçün 2022-ci ilin dekabrında Dilavər Nəcəfovla birgə Azərbaycan Fotoqrafiya Federasiyasını təsis etdik. Bu qurumu yaratmaqda isə məqsədimiz fotoqrafiya sənətində daha yüksək hədəflərə çatmaq, Azərbaycanda foto sənətinin inkişafına təkan verəcək bir təşkilat qurmaq idi.
Bu təşkilatın tərkibində müxtəlif təyinatlı alt təşkilatların olmasını da planlaşdırmışıq. Bu barədə federasiyanın nizamnaməsində də qeyd olunub. Azərbaycan Fotoqrafiya Fondu, Fotoqrafiya Muzeyi, Fotoqrafiya Akademiyası və Məktəbi, Fotoqrafiya Kitabxanası, nəhayət ölkəmizdə ən böyük Fotoqrafiya Evinin yaradılmasını nəzərdə tutmuşuq. Bir hədəfimiz də bu sahədə çalışmaq istəyən könüllülər qrupu yaratmaqdır. Qeyri-hökumət təşkilatı olduğumuza görə gəlir mənbəyimiz birliyə edilən ianələr və üzvlük haqlarıdır. Buna görə könüllülərin dəstəyinə ehtiyacımız var.
– Fotoqrafiya Muzeyi mədəni həyatımız və turizm hərəkatı üçün töhfə olardı. Bu həm də tarix, yaddaş deməkdir.
– Ölkəmiz adına uğurlar qazanmaq üçün bir sıra layihələr həyata keçiririk. Bunlardan biri də Azərbaycan Fotoqrafiya Muzeyinin yaradılmasıdır. Dünyanın bir çox yerində çoxdan belə muzeylər var. Düşündük ki, bizdə niyə olmasın? Muzeyin fəaliyyət göstərməsi üçün hələlik yerimiz olmasa da hazırlıq aparır, lazımi əşyaları toplayırıq. Gələcəkdə müvafiq qurumlar muzeyin qurulması və inkişafına dəstək göstərsələr istəyimiz daha tez və rahat gerçəkləşər. Ölkədə fəaliyyət göstərən digər foto təşkilatları üçün də bu muzey ümumi mərkəzə çevrilər. Hələlik nəinki muzeyin, 7 ildir fəaliyyət göstərən Gilavar Foto Klubunun və Azərbaycan Fotoqrafiya Federasiyasının da ofisi yoxdur. Lakin fəaliyyətimizi davam etdirir, ölkəmizin tanınması istiqamətində müxtəlif layihələr həyata keçirir və nailiyyətlər əldə edirik. Bizə müvafiq yer ayrılması üçün etdiyimiz müraciətlər cavabsız qalıb.
– Muzeyi necə qurmaq istəyirsiniz, orada nələr əksini tapacaq?
– Qədim dövrlərdən bugünə qədər gəlib çatmış və müasir dövrdə də istifadə olunan fotoaparatlar, texniki vasitələr, fotoqrafların yadigarları və fotoqrafiya sənətinin dəyərli irsi muzeydə aparıcı yer tutmalıdır. 40-dan çox fototexnika – 1920-30-cu illərdən bəridir ki, istifadə edilmir. Fotoaparatlar və obyektivlər, Azərbaycana aid fotoşəkillər, nadir nüsxələr, bir sıra sənədlər sərgilənməsini gözləyir. Bu aparatların çox hissəsi SSRİ dövründə ABŞ, Almaniya, Rusiya, Ukrayna və başqa ölkələrdə istehsal olunub.
Muzey hər hansı əşyanın, sənədin və başqa ləvazimatların toplanması və saxlanılması üçün ən etibarlı məkandır. Buna görə də, tanışlardan və ya tanımadığımız insanlardan xahiş edirik ki, istifadə etmədikləri fotoaparatları və foto sənətinə aid hər hansı bir əşyanı bizə təqdim etsinlər. Bəzi eksponatları özümüz alırıq. Elə adamlar da var ki, özləri foto cihazlarını gətirib bizə təqdim edirlər. Ümid edirik ki, muzeydə fototexnikalar ilə yanaşı, məşhur, tanınmış fotoqrafların fotoaparatları və başqa şəxsi əşyaları da sərgilənəcək. Foto sənətinə aid bütün əşyaları və tarixi faktları toplayıb, gələcək nəsillərə, ölkəmizə gələn qonaqlara nümayiş etdirmək üçün səylərimizi davam etdiririk. Hələlik saytımızı yaratmışıq. Gilavar Foto Klubu geniş bazaya malik olduğuna görə, muzey haqqında məlumatlar da burada cəmlənib. Sayt gilavar.az adlanır. Buradan təşkilatlar bölməsinə daxil olub fotolara da baxmaq mümkündür.
Gələcəkdə muzeydə sərgilənəcək foto eksponatlar haqqında da saytdan məlumat əldə etmək mümkün olacaq.
– Artıq elə bir zaman gəlib ki, insanlar peşəkar fotoaparata o qədər də ehtiyac duymurlar. Daha çox mobil telefonlardan istifadə olunur. Bu fəaliyyət fotoqrafiya sayıla bilərmi?
– Peşəkar sözünü işlətdiniz. Əgər peşəkarlıqdan danışırıqsa hər bir iş onun ölçüləri, meyarı çərçivəsində mükəmməl görünə bilər. Fotoqrafiya sənətinin öz incəlikləri, peşə xüsusiyyətləri var. Peşəkar fotoçəkiliş etmək üçün bu tələblər mütləq nəzərə alınmalıdır. Müxtəlif ölçülərdə fotoaparat cihazları təsadüfən yaradılmayıb. Hər bir iş o vaxt uğurlu olur ki, qarşıya qoyulan məqsədə yüksək səviyyədə çatasan. Peşəkar fotoqraf obyekti işıqlandırmaqdan tutmuş, mövqe və miqyaslaradək çox şeyi bacarmalıdır. Düyməni basmaq ən sonda gəlir. Telefonda çəkiliş aparanlar isə çox vaxt yalnız düyməni sıxırlar. Bütün bu tələbləri nəzərə alaraq demək istəyirəm ki, fotoqrafiya zəngin və coxcəhətli, çoxfunksiyalı, dünyanı foto rəsmlərdə cazibədarlığı ilə təqdim edən bir sahədir. Foto təsvirli salnamədir. Ona görə də, mobil telefon çəkilişi ilə bir fotoqrafın gördüyü sənətkarlıq işini eyniləşdirmək olmaz. Fotoqrafiya həm də insanın yazdıqlarını və yazmadıqlarını cizgilər, kölgələr və işıqlar vasitəsilə özündə əks etdirən əvəzsiz bir sənətdir. Foto gerçəyin əksi, ötənlərin simasıdır.
Mənbə: Xalq qəzeti