“Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rauf Umudovun təşkilatçılığı ilə Azərbaycanın cənub bölgəsinə növbəti fototur baş tutub. Bu səfər iştirakçılara sadəcə bir çəkiliş imkanı deyil, həm də cənubun özünəməxsus ruhunu hiss etmək və təbiət ilə sıx bağ qurmaq baxımından xüsusi bir təcrübə yaşadıb.
Bu dəfəki çəkilişlərin əsas mərkəzində Astara və Lənkəran bölgələrinin simvollarından biri olan, düyünün yetişdirilməsi və becərilməsi ilə məşğul olan çəltikçilik ənənələri dayanıb. Səhərin erkən saatlarında düyü sahələrində yaranan mənzərə, suya düşən səma əksi, insanların zəhməti və təbiətin saysız yaşıl çalarları fotoqraflar tərəfindən lentə alınıb və hər kadra ayrı bir ab-hava qatıb.
Fototur zamanı iştirakçılar bölgənin füsunkar təbiəti və gündəlik həyatı ilə daha yaxından tanış olmaq imkanı qazanıblar. Marşrutun ən diqqətçəkən məkanlarından biri isə Sım şəlaləsi olub. Yamyaşıl meşələr, dolama yollar və quşların səsləri insanı tamamilə fərqli bir atmosferə aparıb. Şəlalənin ətrafındakı sərin hava, gur axan su və sıx yaşıllıq möhtəşəm görüntülər yaradıb. Ağacların arasından süzülən işıq və havadakı su damcıları isə çəkilən hər bir fotonu daha canlı edib.





















