Azərbaycan fotoqrafiya tarixində daha bir uğura imza atılıb. Gilavar Foto Klubu ictimai birliyinə beynəlxalq mükafatlar təqdim olunub.
Klub “Azerbaijan Photo Salon” və “Baku” adlı beynəlxalq fotomüsabiqələrin ardıcıl 5 il təşkilinə görə Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) tərəfindən “Bürünc Plaket”lərə layiq görülüb. Qaydalara görə, 5, 10 və 20 il ardıcıl eyni adlı beynəlxalq fotomüsabiqə keçirən foto təşkilatlara müvafiq olaraq bürünc, gümüş və qızılı plaketlər təqdim olunur.
Gilavar Foto Klubu tərəfindən “Azerbaijan Photo Salon” adlı fotomüsabiqə 6 dəfə keçirilib, hazırda isə 7-ci dəfə keçirilir. İlin ikinci yarısında isə 6-cı dəfə “Baku” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə foto təşkilatdır. Azərbaycan Fotoqrafiya Federasiyası həmin təşkilatın üzvü, Gilavar Foto Klubu isə Azərbaycan üzrə təmsilçisidir.