Fevralın 29-u YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin «İlin Fotoqrafı 2019» mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflar mükafatlarla təltif olunublar. Mükafatçılar arasında Gilavar Foto Klubu, eləcə də klubun üç üzvünün adı var. Klub Azərbaycan fotoqrafiya sənətinin tərəqqi və inkişafı naminə həyata keçrilən tədbirlərdə iştirakına görə Xatirə Diplomuna, AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev beynəlxalq müsabiqələrdə qazandığı qələbələrə görə “İlin Fotoqrafı 2019”, təbiət və səyahət fotoqrafı Rüstəm Məhərrəmov Hüseyin Hüseyinzadə xatirəsinə təsis olunmuş “Ümid”, sərbəst fotoqraf Orxan Əzimov isə “İtirilmiş Nəfəs” layihəsinə görə Əli Qafarovun xatirəsinə təsis olunmuş “Müharibə fotoqrafı” mükafatına layiq görülüblər.
Gilavar Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.