XƏBƏRLƏR

Gilavar Foto Klubunun üzvləri Moskvada keçirilən TASS-ın seminarında iştirak ediblər

A+A-
Sıfırla

Rusiyanın TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə avqustun 14-20-də Moskva şəhərində MDB-dən olan xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib.

Seminarda Agentliyin dəvəti ilə Azərbaycandan «Gilavar Foto Klubu» ictimai birliyinin sədri,  beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev, klubun üzvü Elnur Abbasov və AZƏRTAC-ın əməkdaşı Hümbət Məmmədov iştirak ediblər.

Təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları tərəfindən müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məruzələr edilib, praktiki tapşırıqlar verilib.

Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisinin və Fotoxronika redaksiyasının inzibati binalarında olublar. Fotoqraflar burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, agentliyin iş prosesini yaxından izləyiblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Öz növbəsində Azərbaycan nümayəndə heyəti tərəfindən «İRS» nəşriyyat evi tərəfindən rus dilində çap olunmuş Azərbaycan haqqında foto kitablar təqdim olunub.

Gələcəkdə «Gilavar Foto Klubu» ictimai birliyi ilə Rusiyanın TASS İnformasiya Agentliyi arasında foto sahəsi üzrə əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi istiqamətində müzakirələr aparılıb.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT