“Gilavar Foto Klubu” İctimai Birliyinin dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri dərəcələrinə layiq görülüblər.
İldə bir dəfə təqdim olunan fəxri adlara bu il Dilavər Nəcəfov Beynəlxalq Foto Sənəti Federasiyasının “Rəssam” (AFIAP), Nadejda Cavadova “Mükəmməllik/Qızıl” (EFIAP/gold), İlqar Cəfərov isə “Mükəmməllik/Almaz 2” (EFIAP/diamond 2) dərəcələrini əldə ediblər. Beləliklə, FIAP-ın fəxri adlarına layiq görülən azərbaycanlı fotoqrafların sayı 10-a çatıb.
Bundan əlavə, Rəşad Mehdiyev Beynəlxalq Foto Sənəti Federasiyasının “Xidmətlərə görə üstünlük” (ESFIAP) fəxri adı ilə təltif olunub. Bu titul uzun müddət Beynəlxalq Foto Sənəti Federasiyasına göstərilən xidmətlərə – fotoqrafiyanın inkişafına, beynəlxalq fotomüsabiqələrin təşkilinə və münsiflik fəaliyyətinə görə təqdim olunur.
Beynəlxalq Foto Sənəti Federasiyası UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə, FIAP himayəsi altında dünyanın müxtəlif ölkələrində keçirilən fotomüsabiqələrdə iştirak etməli, təqdim etdikləri fotolar bədii və texniki baxımdan yüksək qiymətləndirilməli və mükafatlar qazanmalıdırlar.
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Beynəlxalq Foto Sənəti Federasiyasının Azərbaycan üzrə təmsilçi təşkilatıdır, birliyin sədri Rəşad Mehdiyev isə ölkə üzrə təmsilçi statusuna malikdir.






