“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində “Fotolarda canlanan tarix” adlı sərginin açılışı olub.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Almaniya səfiri Ralf Horlemann, mədəniyyət xadimləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən digər səfirliklərin nümayəndələri iştirak ediblər.
Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-cı illərin ortalarından 1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb.
Tarixi abidələri, onların bərpa prosesini əks etdirən bu nadir fotoların bərpası ilə Bakı, İçərişəhər, Azərbaycanın bölgələrindəki binaların bu günədək məlum olmayan görüntüləri əldə edilib.
Qeyd edək ki, “Fotolarda canlanan tarix” layihəsi Almaniya Federativ Respublikasının dəstəyi ilə “Mədəniyyətin qorunması” proqramı çərçivəsində ərsəyə gəlib.
Sərgi bir ay müddətində Bakı Fotoqrafiya Evində davam edəcək.