FOTOXƏBƏRLƏR

İlqar Cəfərov üç ölkədə yeddi mükafat qazandı

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) Hindistan, Serbiya və Türkiyədə keçirdiyi üç fərqli müsabiqədə ümumilikdə yeddi mükafata layiq görülüb.

Hindistanda təşkil olunan “JCM Circuit 2026” beynəlxalq fotomüsabiqəsində dünyanın 45 ölkəsindən 208 fotoqraf iştirak edib. Bu nüfuzlu yarışmada müəllifin “In the geometry of life” adlı fotoşəkili qızıl medalla mükafatlandırılıb.

Serbiyada keçirilən “Focus Point 2026” müsabiqəsində isə fotomüxbir eyni anda dörd mükafata layiq görülüb. Onun “Champion in bodybuilding” fotosu qızıl, “Under the scrutiny of the judges” adlı işi isə gümüş medala sahib olub. Müəllifin digər iki fotoşəkili isə müsabiqənin və Dunay Fotoqrafiya Assosiasiyasının (DIPA) fəxri diplomları ilə təltif edilib.

Türkiyədə baş tutan “Anatolian 2026” fotomüsabiqəsi də təmsilçimiz üçün uğurlu olub. İ.Cəfərovun “Paralympians” fotosu bürünc medala, “Worker” adlı işi isə xüsusi diplomuna layiq görülüb.

Qeyd edək ki, beynəlxalq arenada böyük nüfuz sahibi olan İlqar Cəfərovun aktivində 400-dən çox beynəlxalq mükafat var. O, həmçinin dünyada bu sahə üzrə ən yüksək titullardan biri sayılan “Excellence FIAP Diamond 2” (EFIAP/d2) dərəcəsinin sahibidir.

FacebookTwitterWhatsappTelegramEmail