Bəzən bir şəkil min sözü, min duyğunu ifadə edir. Elə buna görə də fotoqraflar təkcə görüntü çəkmirlər, onlar sanki zamanı dondurur, ən vacib anları gələcəyə daşıyırlar.
Fotoqraf olmaq isə sadəcə düyməyə toxunmaq demək deyil. Bu peşə diqqət, səbir, yaradıcılıq və doğru anı hiss etmək bacarığı tələb edir.
Bir anı əbədiləşdirmək, tarixin ən önəmli məqamlarını bir kadrda yaşatmaq fotoqraf peşəsinin ən böyük missiyasıdır. Hər bir uğurlu foto arxasında peşəkarlıq, dəqiq zamanlama və hadisəni doğru rakursdan görmək məharəti dayanır. İyulun 12-si qeyd olunan Beynəlxalq Fotoqraflar Günü ərəfəsində obyektivləri ilə ölkəmizin və dünyanın mühüm hadisələrini yaddaşlara həkk edən AZƏRTAC-ın fotoqraflarının fəaliyyətinə nəzər saldıq. Onlar illərdir yerli və beynəlxalq əhəmiyyətli tədbirləri, o cümlədən qlobal forumları, idman yarışlarını və cəmiyyət üçün önəm daşıyan hadisələri peşəkarlıqla işıqlandıraraq tarixin canlı salnaməsini yaradırlar. Obyektivə sığan hər kadr isə təkcə bir görüntü deyil, həm də gələcək nəsillərə ötürülən silinməz yaddaşdır.
Kadr arxasının qəhrəmanları
Əməkdar mədəniyyət işçisi, 36 ilə yaxın müddətdə AZƏRTAC-ın fotoxronikasında silinməz iz qoyan özünəməxsus dəst-xətti ilə seçilən, 400-dən çox beynəlxalq mükafatın müəllifi Böyük fotomüxbir İlqar Cəfərovla Fotoinformasiya Baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayev qocaman fotoqrafın arxiv fotolarını birlikdə nəzərdən keçirirdilər. Onların şəkillər üzərində apardığı fikir mübadiləsini kənardan maraqla izləsək də, söhbətlərinə müdaxilə etmədik. Çünki həmin fotoların hər biri təkcə uğurlu bir kadr deyil, həm də özündə bir dövrü, bir hadisəni və tarixin unudulmayan anlarını yaşadan qiymətli salnamə idi.
Roman İsmayılov da həmişə olduğu kimi iş başında idi. Fürsətdən istifadə edərək onunla həmsöhbət olduq. Uğurlu bir kadrın sirri nədədir, peşəkar foto üçün nələr vacibdir və bəzən cəmi bir mükəmməl görüntünü əldə etmək üçün neçə dəfə deklanşora toxunmaq lazım gəlir suallarına onunla cavab tapmağa çalışdıq.
O bildirdi ki, yaxşı kadr çəkmək üçün texnika, baxış bucağı, işıq, fon vacibdir. Burada fotoqrafın qabiliyyəti çox böyük rol oynayır. Cəldlik, anında məqam, yer seçmək xüsusi əhəmiyyət daşıyır.
R.İsmayılovun sözlərinə görə istənilən kadrı əldə etmək üçün bir neçə foto çəkməyə gərək yoxdur. Hər şey bir anlıq əlinə düşən fürsəti düzgün dəyərləndirməkdən aslıdır. O an bir də yenidən təkrarlanmadığı üçün sən onu çəkmədinisə, buraxmış olursan. Yəni, fotoqrafımızın dili ilə desək, kadrı anında çəkmək lazımdır.
O, ən yadda qalan kadrların adətən idman, döyüş çəkilişlərində olduğunu bildirib. Buna səbəb adrenalinlə dolu olan hadisələrin zənginliyi və kadrların daha emosiyalı, dinamik və rəngarəng olmasıdır.
Fotojurnalistika: xəbəri tamamlayan kadr
Müasir dövrdə fotojurnalistika informasiyanın operativ və təsirli şəkildə çatdırılmasında mühüm rol oynayır. Çox vaxt bir xəbər məhz onu tamamlayan uğurlu foto ilə daha dolğun məna qazanır. Bəs peşəkar foto hansı xüsusiyyətlərə malik olmalıdır? Obyektivin yaddaşına köçən bir kadr nəyi özündə ehtiva etməlidir? Bu sualları tədbir zamanı qısa fasilədə söhbətləşdiyimiz Səfiyar Məcnuna ünvanladıq. Simasında gün ərzində apardığı bir neçə çəkilişin yorğunluğu olsa da, suallarımızı dolğun və özünəməxsus şəkildə cavablandırdı. Səfiyar AZƏRTAC-ın Fotoinformasiya redaksiyasının peşəkar fotoqraflarından biri olmaqla yanaşı, həm də ən səlis nitq qabiliyyətinə malik əməkdaşlarından biri kimi tanınır.
O dedi: “Yaradıcılığın bütün sahələrində — istər rəssamlıq, istər yazılı ədəbiyyat, istər heykəltəraşlıqda müəllif hadisəni və nəticəni öz istədiyi istiqamətdə yönəldə bilir. Amma bu, təəssüf ki, fotoqrafiyada keçərli deyil. Fotoqrafiyada müəllif, yəni fotoqraf, heç bir halda hadisəni və yaxud da ki, nəticəni öz istədiyi istiqamətə yönəldə bilmir. Xüsusilə də burada fotojurnalistikanı önə çəkmək lazımdır. Fotojurnalistikada fotoqraf heç bir halda hadisəyə müdaxilə etməməlidir.
Fotoqrafiya yaranandan bu günə qədər fotoşəklin yalnız və yalnız bir missiyası olub: xəbəri ötürmək.
Bizim müasir fotojurnalistikanın da məqsədi dəyişməyib. Biz yalnız və yalnız xəbəri ötürməklə məşğuluq. Ən gözəl xəbəri ötürən fotoşəkil isə ona baxarkən əvvəlki və sonrakı hadisələri çatdıra biləndir. Əgər bir fotoqraf, bir fotoşəkillə xəbəri çatdıra bilirsə, o, ən məharətli fotoqrafdır və o fotoşəkil ən yaxşı fotoşəkildir.
Mənim üçün fotoqrafiya sadəcə texniki bir iş deyil. Zamanı dondurmaq və gözlə görünməyən hekayələri vizual dilə çevirmək sənətidir. Yaxşı fotoşəkil çəkmək üçün obyektə sadəcə baxmaq kifayət deyil. Həm də onun daşıdığı duyğunu və enerjini hiss etmək lazımdır”.
Orxan Kərimov isə çox danışan deyil. Onun fikirlərini lentə aldığı fotoları ifadə edir. Hər kadrında hadisənin ruhunu, emosiyasını və ən önəmli anını əks etdirməyi bacaran fotoqraf, xüsusilə hərbi mövzulu çəkilişlərdə peşəkarlığı ilə seçilir. AZƏRTAC-da onu tanıyanların əksəriyyəti də bu fikirlə razılaşar. İndi də obyektivini bir an belə hadisədən ayırmır. Diqqəti daim ətrafdadır – ən təsirli epizodu, ən səmimi ifadəni, ən dəyərli kadrı gözdən qaçırmamaq üçün hər an axtarışdadır. Çünki peşəkar fotoqraf üçün ən yaxşı şəkil bəzən cəmi bir saniyəlik fürsətdən doğur.
Bu materialı hazırlayarkən AZƏRTAC-ın digər fotoqrafları əhəmiyyətli tədbirlərdə idilər. Ancaq onların peşəkarlığına yaxından bələdik. Hər biri məsuliyyət hissi, zəngin təcrübəsi və ən mürəkkəb şəraitdə belə ən uğurlu kadrı əldə etmək əzmi ilə seçilir. Çünki əsl fotoqraf üçün hava şəraiti, məsafə və zaman məhdudiyyəti maneə deyil – əsas olan vacib anı vaxtında görmək və onu gələcək nəsillər üçün əbədiləşdirməkdir.
Beynəlxalq Fotoqraflar Günü münasibətilə AZƏRTAC-ın fotoqraflarını, eləcə də bu peşənin bütün nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni-yeni uğurlu kadrlar və yaradıcılıq nailiyyətləri arzulayırıq.
Mənbə: AZƏRTAC


















