Ötən ilin yanvar ayından etibarən Gilavar Foto Klubu Mədəniyyət Nazirliyinin təsisçiliyi ilə yeni adla nəşr olunan “Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalı ilə birgə yeni rubrikaya start verib.
İki ayda bir dəfə nəşr olunan jurnalın iki səhifəsi “Həmkarlarımız” rubrikası ilə Azərbaycan foto sənətinin inkişafına töhvə verən, çəkdikləri fotolarla tarix yazan, Azərbaycanı xarici ölkələrdə və beynəlxalq fotomüsabiqələrdə təmsil edən fotoqraflar və fotomüxbirlər ilə söhbətlər yer alırdı. Eyni zamanda, onların qazandıqları nailiyyətlər, onlara uğur gətirən fotolar, fotoqraf həmkarlarına tövsiyələr də oxuculara çatdırılırdı.
Vətən müharibəsinə həsr olunan dərginin altıncı nömrəsinin bir neçə səhifəsi döyüşlər zamanı qaynar nöqtələrdə çalışan fotomüxbirlərə həsr edilib. Burada 44 günün fotoxronikası ilə yanaşı, həmin dönəmdə fotoqrafların keçirdiyi hisslər, yaşadıqları anlar, onların fədakarlıqlarından bəhs olunur. Bundan başqa, jurnalın digər səhifələrində Müzəffər Azərbaycan ordusunun qazandığı qələbə sayəsində 9 noyabrda Azadlıq meydanında keçirilən Zəfər Paradı günü foto klubun üzvləri tərəfindən çəkilən fotolar da yer alır.
Qeyd edək ki, Gilavar Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.