Plovdiv Bələdiyyəsi, “Presto” Musiqi Evi, “Xristo G.Danov-1904” Xalq Mədəniyyət Evi və onların tərəfdaşları tərəfindən keçirilən II “Maritsa Səhnələri” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Plovdivdəki Roma Stadionunda fotoqraf Aureliya Nəsirovanın “Naməlum Azərbaycan” adlı fotosərgisi təqdim olunub.
Festivalın direktoru Nadejda Dimitrova Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə fəal iştirakı və mədəni müxtəlifliyin təşviqinə, eləcə də incəsənət vasitəsilə xalqlar arasında körpülərin qurulmasına yönəlmiş təşəbbüslərə uzunmüddətli dəstəyə görə təşəkkürünü bildirib.
Sərginin açılışında Mərkəzin nümayəndəsi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə “Maritsa Səhnələri” festivalı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür təşəbbüslər müxtəlif mədəniyyətlərin bir-birini daha yaxından tanımasına şərait yaradır və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir. Daha sonra sərginin müəllifi, əslən bolqar olan, uzun illər Azərbaycanda yaşayan və fəaliyyət göstərən peşəkar fotoqraf Aureliya Nəsirova təqdim olunub. Qeyd edilib ki, o, öz obyektivi vasitəsilə Azərbaycanın təbiət gözəlliklərini, zəngin mədəni irsini və gündəlik həyatının rəngarəngliyini böyük ustalıqla əks etdirir.
Mənbə: AZƏRTAC






