“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində görüşlər davam edir.
Proqram çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin videoqrafı Elvin Qasımzadə tərəfindən “Mobil fotoqrafiya, əsas prinsipləri və praktiki tətbiqi” mövzusunda təlim keçirilib. Təlimin nəzəri hissəsində iştirakçılara mobiloqrafiyanın əsasları, düzgün rakursun seçilməsi, işıqdan səmərəli istifadə və mobil cihazlarla keyfiyyətli foto və video çəkilişlərin aparılmasının əsas prinsipləri barədə məlumat verilib.
Praktiki hissədə iştirakçılar əldə etdikləri bilikləri tətbiq edərək müxtəlif çəkiliş tapşırıqlarını yerinə yetirib, həmçinin mobil cihazlar vasitəsilə çəkilən materialların montajı üzrə bacarıqlarını inkişaf etdiriblər.
Qeyd edək ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlər üzrə praktiki bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafını dəstəkləmək və gələcək əmək fəaliyyətinə hazırlıq səviyyəsini artırmaqdır.















