FOTOXƏBƏRLƏR

Susuzluqdakı mina faciəsi: ilk dəfə yayımlanan FOTOLAR

A+A-
Sıfırla

Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndində Azərbaycan Dövlət Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) nümayəndələrinin minaya düşməsi ilə nəticələnən və bütün ölkəni sarsıdan dəhşətli faciədən düz 5 il ötür.

Faciənin ildönümündə, həmin çəkiliş qrupunun tərkibində yer alan və hadisənin canlı şahidi olan fotoqraf Rəşad Mehdiyev o günə aid unikal arxiv fotolarını ictimaiyyətə təqdim edib. Təqdim olunan şəkillərin bir qismi ilk dəfədir ki, geniş auditoriya üçün yayımlanır.

2021-ci il iyunun 4-də işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən dağıntıları sənədləşdirmək, Qarabağ gerçəklərini lentə almaq və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə AZTV və AZƏRTAC əməkdaşlarından ibarət çəkiliş qrupu formalaşdırılmışdı. Həmin qrupun tərkibində fotoqralar, kameramanlar, dron pilotları, bir jurnalist və bir rejissor yer alırdı.

İyunun 4-ü səhər saatlarında planlaşdırılan çəkilişlər adi iş günlərindən biri kimi başlasa da, saat 11 radələrində hər kəsi sarsıdan hadisə baş verib. Susuzluq kəndi istiqamətində hərəkət edən və çəkiliş qrupunu daşıyan “KamAZ” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşüb.

Güclü partlayış nəticəsində AZTV-nin kameramanı Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev peşə borclarını yerinə yetirərkən şəhid olublar. Hadisə zamanı çəkiliş qrupunun digər üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən 5 il sonra yayımlanan bu arxiv fotoları sadəcə tarixi sənəd deyil, həm də canı bahasına həqiqətləri işıqlandıran şəhidlərin xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Həmin an lentə alınan kadrlar təkcə bir faciənin deyil, həm də işğaldan azad edilmiş torpaqlarda Ermənistanın basdırdığı mina təhlükəsinin bəşəri miqyasını dünyaya nümayiş etdirən canlı sübuta çevrilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid olan Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyev ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

FacebookTwitterWhatsappTelegramEmail