Son dövrlərdə restoranlarda keçirilən toy və digər mərasimlərlə bağlı maraqlı müzakirələrdən biri də çəkiliş məsələsidir. Xüsusilə bəzi məkanlar yalnız öz əməkdaşları ilə işləməyi tələb edir, müştərinin isə əlavə fotoqraf və videoqraf gətirməsinə məhdudiyyət qoyur. Bu isə həm müştəri hüquqları, həm də xidmət müqaviləsinin şərtləri baxımından suallar yaradır.
Bəs restoranlarda toy mərasimi zamanı müştərinin öz seçdiyi foto və videoqrafı dəvət etmək hüququ varmı, yoxsa bu məsələ tam şəkildə məkanın daxili qaydaları ilə tənzimlənir?
Hüquqşünas Rüstəm Əzimzadə açıqlamasında bildirib ki, restoranların toy sahiblərinə kənar fotoqraf və videqraf qadağası qoyması qanunsuz və əsassızdır:
“Son dövrlər cəmiyyətdə ən çox müzakirə olunan problemlərdən biri şadlıq sarayları və restoranların toy sahiblərinə öz foto və video çəkiliş xidmətlərini məcburi şəkildə sırımasıdır. Bir çox hallarda vətəndaşlar özləri kənardan peşəkar fotoqraf və ya vidoeqraf cəlb etmək istədikdə, restoran rəhbərliyi tərəfindən onlara süni maneələr yaradılır, “qapı pulu” adı altında əsassız əlavə ödəniş tələb edilir və ya ümumiyyətlə kənar şəxslərin çəkilişinə icazə verilmir. Bu məsələ həm mənəvi, həm də maddi baxımdan istehlakçıların haqlı narazılığına səbəb olur. Lakin məsələyə hüquqi müstəvidə yanaşdıqda, restoranların bu cür qadağaları və tələbləri tamamilə əsassızdır və mövcud qanunvericiliyin, xüsusən də istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır”.
R.Əzimzadə qeyd edir ki, qanunvericiliyə görə, restoran müştərini öz foto-video xidmətini almağa məcbur edə bilməz və kənar çəkilişə qadağa qoyması hüquqi cəhətdən etibarsızdır:
“Məsələnin hüquqi tərəfini təhlil edərkən ilk növbədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa diqqət yetirməliyik. Bu qanunun imperativ tələblərinə əsasən, istehlakçının malları, işləri və xidmətləri sərbəst seçmək hüququ vardır. Qanunvericilik birmənalı olaraq qadağan edir ki, hər hansı bir xidmətin göstərilməsi digər bir xidmətin məcburi şəkildə alınması ilə şərtləndirilsin. Yəni vətəndaş şadlıq sarayı ilə yalnız məkanın icarəsi, qida və musiqi təminatı kimi xidmətlər üzrə şifahi və ya yazılı razılaşma əldə edirsə, restoran onu əlavə olaraq öz daxili fotoqrafının xidmətlərindən istifadə etməyə məcbur edə bilməz. Müştərinin kənardan gətirdiyi, etibar etdiyi və fərdi müqavilə bağladığı çəkiliş qrupunun fəaliyyətinə qadağa qoyulması birbaşa istehlakçının sərbəst seçim hüququnun məhdudlaşdırılması deməkdir.
Digər tərəfdən, bəzi müəssisələr vətəndaşlarla bağladıqları xidmət müqavilələrində kənardan çəkiliş qrupunun gətirilməsinin qadağan olunması barədə xüsusi bəndlər daxil edir və bununla da qanunsuz əməllərinə hüquqi don geyindirməyə çalışırlar. Mülki Məcəlləyə əsasən müqavilə azadlığı prinsipi mövcud olsa da, bu azadlıq mütləq deyil və qanunun yuxarıda qeyd olunan tələblərinə zidd ola bilməz. İstehlakçının hüquqlarını pozan, onun vəziyyətini qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə müqayisədə pisləşdirən və ya onu istəmədiyi xidməti almağa vadar edən müqavilə şərtləri etibarsız sayılır. Dolayısı ilə, restoranın öz daxili qaydalarını və ya standart müqavilə şərtlərini əsas gətirərək istehlakçını əlavə xidmətə məcbur etməsi mülki dövriyyə qaydalarına və ədalət prinsipinə ziddir. Əgər restoran məkanın təhlükəsizliyini bəhanə gətirirsə, ən uzaq halda kənar fotoqrafdan sadəcə təhlükəsizlik qaydalarına riayət etməsini tələb edə bilər, amma onun fəaliyyətini qadağan etmək səlahiyyəti yoxdur”.
Hüquqşünasın sözlərinə görə, vətəndaşlar belə hallarda müqaviləni diqqətlə bağlamalı, qanunsuz tələblərə qarşı çıxmalı və aidiyyəti qurumlara müraciət etməlidirlər:
“Vətəndaşlara tövsiyəm odur ki, şadlıq sarayları və restoranlarla danışıqlar apararkən mütləq şəkildə rəsmi yazılı müqavilə tələb etsinlər və xidmətlərin əhatə dairəsini əvvəlcədən dəqiqləşdirsinlər. Əgər restoran kənar çəkiliş qrupuna qadağa qoyursa və ya cərimə tələb edirsə, vətəndaşlar bunun qanunsuz olduğunu bildirməli və tələblərə boyun əyməməlidirlər. Belə hallarla qarşılaşdıqda, aidiyyəti dövlət qurumlarına, xüsusilə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət etmək ən doğru addımdır. Eyni zamanda, bu cür qanunsuz məhdudiyyətlər səbəbindən mənəvi və ya maddi zərərə uğrayan istehlakçılar həmin zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə də üz tuta bilərlər. İstehlakçıların öz hüquqlarını bilməsi və israrla tələb etməsi bu cür qanunsuz təcrübələrin qarşısının alınmasında ən effektiv mexanizmdir”.
Mənbə: Patrul.az


