Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlərin qəbuluna 25 avqust 2026-cı il saat 12:00-dan başlanılır.
Müsabiqənin keçirilməsində məqsəd müasir yaradıcı sahələrə marağı və potensialı olan yeniyetmələrin bacarıqlarının üzə çıxarılması, onların yeni istiqamətlər üzrə təhsil imkanlarının genişləndirilməsidir.
Qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:
* Bədii keramika – 12-16 yaş;
* Geyim üzrə dizayn – 12-16 yaş;
* Rəqəmsal musiqi – 14-16 yaş;
* 3D personaj animasiyası – 14-16 yaş;
* Fotoqrafiya – 14-16 yaş.
Namizədlər seçdikləri istiqamət üzrə yaradıcılıq qabiliyyəti, sahəyə uyğun bilik və bacarıqları əsasında qiymətləndiriləcəklər.
Bədii keramika və Geyim üzrə dizayn ixtisaslarına müraciət edən namizədlər üçün 4 illik təhsil sistemi üzrə rəssamlıq ixtisasını bitirmək əsas şərtlərdən biridir.
Rəqəmsal musiqi ixtisasına müraciət edən namizədlər üçün hər hansı musiqi ixtisası üzrə 5 və ya 7 illik musiqi məktəbini bitirmək əsas şərtlərdən biridir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 25 avqust saat 12:00-dan 5 sentyabr 2026-cı il tarixinədək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron formada müraciət edə biləcəklər.
Müraciət zamanı namizəd müvafiq yaradıcı ixtisası seçəcək, yaş uyğunluğu sistem vasitəsilə yoxlanılacaq. Namizədlərin qiymətləndirilməsi isə hər bir ixtisas üzrə müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək.


