FOTOXƏBƏRLƏR

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

A+A-
Sıfırla

İncəsənətin əsas missiyalarından biri gözəlliyi qorumaq, insanları gözəlliyə yönəltmək, dünyada kədərin, zülmün, işgəncənin və əzabın olmadığı bir həyatın arzusunu yaşatmaqdır. Bununla yanaşı, fotoqraf yalnız gözəl mənzərələri deyil, dünyanın real mənzərəsini, insanların yaşadıqlarını da obyektiv şəkildə göstərməlidir.

Bu sözləri dünyaşöhrətli fotoqraf Reza Deqati kitablarının təqdimatı mərasimində çıxışı zamanı bildirib. Reza Deqati qeyd edib ki, fotoqrafiyanı sadəcə sənət və peşə kimi deyil, insanlara xidmət vasitəsi kimi seçib. Onun sözlərinə görə, bu sənətə maraq hələ uşaqlıq illərində, Təbrizdə yaşadığı dövrdə formalaşıb. 1962-1963-cü illərdə, təxminən 11-12 yaşlarında atasının aldığı elmi jurnalları böyük maraqla oxuyurmuş. Həmin nəşrlərdən birində gələcəkdə insanların bir-biri ilə şəkillər və foto vasitəsilə əlaqə saxlayacağı barədə elmi məqalə onun diqqətini xüsusilə cəlb edib.

O zaman “kibernetika” anlayışı ilə ilk dəfə qarşılaşdığını deyən Reza Deqati həmin məqalənin həyatına ciddi təsir göstərdiyini bildirib: “Mən 13 yaşımda düşünürdüm ki, görəsən, XXI əsrə necə gedib çataram? Məqalədə insanların gələcəkdə foto və şəkillər vasitəsilə bir-biri ilə əlaqə saxlayacağı yazılmışdı. Həmin vaxt öz-özümə dedim ki, XXI əsrin insanı olmaq üçün foto ilə əlaqə saxlamalıyam”.

Dünyaşöhrətli fotoqraf qeyd edib ki, sonradan universitetdə memarlıq təhsili alaraq bu sahədə fəaliyyət göstərsə də, foto sənətinə olan marağı heç vaxt azalmayıb. Bir müddət sonra isə fotolarının dünyada səsi eşidilməyən insanların, zülmə məruz qalanların və əziyyət çəkənlərin həyatını işıqlandırmaq üçün mühüm vasitəyə çevrilə biləcəyini anlayıb.

Reza Deqati vurğulayıb ki, fotoqraf kimi əsas məqsədi gördüyü həqiqətləri olduğu kimi əks etdirmək və foto vasitəsilə onları dünyaya çatdırmaqdır.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail