Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və “Gilavar Foto Klubu” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Müsabiqənin məqsədi 2024-cü — Olimpiya və Paralimpiya ilində təmiz idman dəyərlərinin və ədalətli idman mübarizəsinin fotolar vasitəsilə geniş ictimaiyyətə çatdırılması idi. Müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, yarışlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alıb. Təqdim edilən fotoşəkillər 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya oyunları zamanı çəkilib.
Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) himayədarlığı ilə keçirilən müsabiqəyə dünyanın 27 ölkəsindən 53 fotoqraf tərəfindən 205 foto təqdim edilib. Fotolar idman fotoqrafiyasında təcrübəyə malik Azərbaycan, İtaliya və Misirdən olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Ümumilikdə təqdim olunan 25 mükafata 15 ölkənin 25 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Sonuncu Yay Olimpiya və Paralimpiya oyunlarını işıqlandıran azərbaycanlı fotoqraflar Naib Əhmədov bürünc medal, Dilavər Nəcəfov və Zaur Mustafayev isə diplom qazanıb.
Yekunda dekabrın 16-da Bakıda AMADA-nın təşkilatçılığı ilə Bakıda keçirilən “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfrans zamanı qalib fotolarından ibarət sərgi nümayiş olunub.