XƏBƏRLƏR

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru

A+A-
Sıfırla

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) Honkonq, Serbiya və Türkiyədə keçirdiyi beynəlxalq fotomüsabiqələrinin mükafatlarına layiq görülüb.

Honkonqda keçirilən “The 5th HKCCPA International Salon 2025” fotomüsabiqəsində 47 ölkədən 224 fotoqraf iştirak edib. İlqar Cəfərovun “Athlete Willpower” fotoşəkili fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına layiq görülüb.

Serbiyada keçirilən “Good Light 2025” fotomüsabiqəsində fotomüxbirin “Near the attraction” fotosu “Master of Light Gold Plaquette” mükafatını qazanıb. Serbiyada keçirilmiş “PhotoEXPO 2025” müsabiqəsində isə İlqar Cəfərovun Birinci və İkinci Qarabağ müharibəsi zamanı Tərtər və Gəncədə çəkdiyi “There was our house” və “Night tragedy” fotoları müvafiq olaraq FIAP-ın fəxri lentinə və IAAP-ın (Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası) gümüş medalına layiq görülüb.

Türkiyədə “Qadın və idman” mövzusunda fotomüsabiqəyə 23 ölkədən 245 fotoqraf 811 foto təqdim edib. Qaydalara əsasən hər fotoqraf maksimum 4 foto ilə bu mövzuda iştirak edə bilər. Fotomüxbirin müsabiqəyə təqdim etdiyi 4 fotonun hamısı müsabiqənin nəticələri əsasında açılacaq ümumi sayı 75 şəkildən ibarət olan fotosərgiyə qəbul edilib və İlqar Cəfərov fotomüsabiqənin “Ən yaxşı fotoqrafı” adına layiq görülüb.

Qeyd edək ki, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov Gilavar Foto Klubu ictimai birliyinin üzvüdür.

FacebookTwitterWhatsappTelegramEmail