Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib.
BBMM Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynayır. O, nəşrin təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
BBMM-in icraçı direktoru Rəvan Həsənov deyib ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində illər ərzində təkcə infrastruktur yox, həm də mədəni və dini irsimiz sistemli şəkildə məhv edilib. “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir. Qarabağ Dirçəliş Fondu bu kimi təşəbbüsləri dəstəkləyərək, dağıdılmış abidələrin bərpasına, həmçinin bölgənin bərpa və dirçəlişinə töhfə verməyə davam edəcək», — deyə o diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu qeyd edib ki, milli yaddaş üzərindən ərsəyə gətirilən hər bir iş bu istiqamətdə qazanılan uğurdur: “Belə layihələrin davamlı olması arzuolunandır. Mədəniyyət Nazirliyi bu layihələri dəstəkləməyə hər zaman hazırdır”.
Daha sonra tədbirdə “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunda yer alan fotolardan ibarət sərgi nümayiş olunub.
Qeyd edək ki, fotoalbomun tərtibatçısı tanınmış fotoqraf Reza Deqatidir.
Mənbə: AZƏRTAC