XƏBƏRLƏR

18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb

A+A-
Sıfırla

ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.

Mərasimdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “GL Group”un baş icraçı direktoru Asif Zeynalov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “KOLİN Azərbaycan”ın baş direktoru Barış Altıparmak çıxış ediblər.

Tədbir zamanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirildiyini xatırladıb. O qeyd edib ki, proqramın Xəzər regionu ölkələrində enerji və ekoloji problemlərə diqqət yetirməsi, həm yerli, həm də beynəlxalq iştirakçılar üçün faydalıdır.

Qeyd edilib ki, Bakı Yay Enerji Məktəbi Xəzər regionuna xüsusi diqqət yetirərək, enerji və ekologiya məsələlərini araşdırmaq və öyrənmək üçün dünyanın tanınmış alimlərini, siyasətçilərini və ekspertlərini bir araya gətirən beynəlxalq iki həftəlik sertifikat proqramıdır.

Proqram Xəzər regionunun enerji landşaftında transformativ dəyişikliklərə, davamlı inkişafa və iqtisadi artıma töhfə vermək üçün dövlət və özəl sektorların kollektiv səylərini özündə əks etdirir.

İnteraktiv mühazirələr, nümunə araşdırmaları və tədqiqat səfərləri ilə dolu olan bu yay proqramı bir neçə tanınmış enerji şirkətlərindən, beynəlxalq təşkilatlardan, ali təhsil müəssisələrindən yüksək və orta səviyyəli mütəxəssisləri, eləcə də enerji və ekoloji məsələləri araşdıran alim və ekspertləri cəlb edib. Builki proqramda 12 ölkədən 50 iştirakçı iştirak edəcək. Həmin ölkələr sırasında Azərbaycan, Albaniya, Bolqarıstan, Çexiya, Çin, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam, ABŞ və Böyük Britaniyanı qeyd etmək olar.

İkihəftəlik proqram bir həftə Bakıda, bir həftə isə Gürcüstanın paytaxtı Tbilisidə iyulun 8-dən 19-dək keçiriləcək. Məktəbin beynəlxalq formatı iştirakçılara enerji məsələləri və Yaşıl Enerji Dəhlizi ilə bağlı regional perspektivləri öyrənməyə, klassik enerji mənbələri və bərpaolunan enerji mövzularına kompleks regional yanaşmanı təmin etməyə imkan verir.

Müəllif: Esmira Əliyeva

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT