Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə tarixçi Dilqəm Əhmədin kolleksiyasından ibarət sərgi təşkil edilib.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid 47 nadir tarixi fotoşəkil və sənəd nümayiş olunub. Tədbirdə ABŞ-də fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ekspertlər, Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Dilqəm Əhməd çıxışı zamanı cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin yaranma prosesindən, əldə etdiyi uğurlardan danışıb. Dilqəm Əhməd 10 ilə yaxındır bu irsi toplamaqla məşğul olduğunu bildirib. Müəllif sərgidə nümayiş etdirilən bütün materialların orijinal olduğunu qeyd edib.
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, Türkiyədə səfir olduğu müddətdə sağ qalan mühacirlər və bəzilərinin ailələri ilə görüşmək imkanı olub. Onun sözlərinə görə, İstanbul şəhəri azərbaycanlı mühacirlər üçün çox vacibdir və onlar təkcə Azərbaycanın deyil, həm də Türkiyənin maariflənməsi, bölgənin daha da inkişaf etməsi və Avropaya inteqrasiyası istiqamətində fəaliyyət göstəriblər. O, gördüyü işlərə görə Dilqəm Əhmədə təşəkkürünü bildirib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Mənbə: AZƏRTAC