Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransın antidopinq sahəsində təcrübələrin paylaşılması baxımından əhəmiyyətindən bəhs edən gənclər və idman nazirinin müavini Mariana Vasileva bütün idmançılara təmiz qələbə arzulayıb.
Konfransa onlayn formatda qoşulan Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka Azərbaycanın olduqca önəmli tədbirə ev sahibliyi etdiyini bildirib. O, bu yığıncağın əsas hədəfinin Azərbaycanla yanaşı, digər ölkələrdə də dopinqə qarşı mübarizənin inkişafına töhfə vermək olduğunu söyləyib. AMADA ilə əməkdaşlığın faydalı olduğunu deyən WADA rəhbəri birgə fəaliyyətlə yeni uğurlara nail olacaqlarına inam ifadə edib. V.Banka konfransın gələn il ilk dəfə Asiya ölkəsində — Cənubi Koreyada keçiriləcəyini də diqqətə çatdırıb.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə 2024-cü ili AMADA üçün uğurlu hesab edib. O, il ərzində mindən çox dopinq testinin aparıldığını, 50-dən çox seminar və vebinarın təşkil olunduğunu və 2 mindən çox iştirakçının antidopinqlə bağlı məlumatlandırıldığını vurğulayıb. Azərbaycanın gələcək illərdə də beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyini qeyd edib.
Sessiyalar üzrə davam edən konfransda “Paris-2024” Yay Olimpiya Oyunlarının yekunlarına nəzər salınıb, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, nəzarət prosesində dəqiqlik, Olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunub.
Konfrans çərçivəsində AMADA və Gilavar Foto Klubunun birgə təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunub.
Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarətdir.
Beynəlxalq konfransa informasiya dəstəyini Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) verir.