XƏBƏRLƏR

ANAMA fotomüxbirlər üçün mina təhlükəsi ilə bağlı təlim keçirib

A+A-
Sıfırla

Azərbaycan foto sənətinin inkişafına töhfə verən «Gilavar Foto Klubu» ictimai birliyi «PeşəkarSƏN» maarifləndirmə proqramına start verib. Proqram çərçivəsində bir sıra layihələrin, o cümlədən təlim kursları, seminarlar, sərgi və foto müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdə düşmən tərəfindən basdırılmış minalar, eləcə də əvvəlki cəbhəboyu ərazilərdə çoxsaylı partlamamış hərbi sursatlar insan həyatı üçün təhlükə mənbəyi olaraq qalır. Son zamanlar yazılı və onlayn media qurumlarının, televiziya kanallarının əməkdaşları işğaldan azad olunmuş ərazilərə tez-tez ezam olunur, müxtəlif verilişlər hazırlayır, sənədli və bədii filmlər çəkirlər. Onların mina və partlayıcı vasitələr haqqında məlumatsız və ya az məlumatlı olması böyük təhlükələrə yol aça bilər. Məhz belə şəraitdə çalışan bir çox media nümayəndələrinin bu tip təhlükəli vasitələr haqqında daha çox məlumatlı olması vacibdir. Qeyd edək ki, 2021-ci ilin iyun ayının 4-də Kəlbəcərin Susuzluq kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən iki KİV əməkdaşı həlak olub. Belə hadisələrin bir daha təkrarlanmaması üçün media nümayəndələrinə bu sahədə təlimlərin keçirilməsinə ehtiyac duyulur.

Binəqədi Gənclər Evində keçirilən ilk belə təlim layihəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən fotomüxbirlər üçün mina təhlükəsinə dair “addıMINA fikir ver!” adlı təlim kursudur.

Təlimin keçirilməsində əsas məqsəd fotomüxbirlərə mina və partlamamış hərbi sursatlar, minaların quruluşu, iş prinsipi, mina təhlükəsi, onun fəsadları və yarada biləcəyi təhlükələr, ondan mühafizə qaydaları və qorunması, minalanmış ərazilərin necə müəyyən olunması, belə ərazilərdə təsadüfən ehtiyatsızlıqdan baş verən hadisələr zamanı hansı addımların atılması haqqında maarifləndirici məlumatların verilməsidir. Həmçinin, iştirakçılara təhlükəsizlik məsafələri və zolaqları, minaaxtaranların istifadə etdiyi vasitələr, minaların zərərsizləşdirilməsi zamanı foto çəkiliş qaydaları barədə məlumatlar da təqdim olunub.

Təlimin sonunda iştirakçıların nəzəri bilikləri nə dərəcədə qavraması və gələcəkdə onlardan necə istifadə edə bilməsinə əmin olmaq üçün test üsulu ilə sınaq imtahanı keçirilib. Təlimi uğurla başa vuranlara sertifikatlar təqdim olunub. Layihənin davamlılığını təmin etmək məqsədilə gələcəkdə televiziya kanallarında çalışan kameramanlar üçün də bu cür təlimlərin keçirilməsi nəzərdə tutulur.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT