Noyabrın 3-də 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin akt zalında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Zəfərdən Təhlükəsiz Qayıdışa” adlı tədbir keçirilib.
Məqsəd işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ictimai maarifləndirməni gücləndirmək, həmçinin təhlükəsiz qayıdış prosesinə könüllülərin və gənclərin dəstəyini təşviq etmək olub.
Xüsusilə gənclər arasında mina təhlükəsinə dair maarifləndirmənin aparılması, könüllülərin bu prosesə cəlbi, həmçinin sosial və təbliğat yönümlü tədbirlərdə gənclərin iştirakı böyük önəm kəsb edir.
Zəfər Gününün beşinci ildönümü ərəfəsində və tərəflər arasında birgə reallaşdırılan “Minadan Azad Torpaq” aksiyası çərçivəsində baş tutan tədbirdə ANAMA əməkdaşları və ASAN könüllüləri iştirak ediblər.
Tədbir çərçivəsində “İRS Nəşriyyat Evi”nin və “Gilavar Foto Klubu” ictimai birliyinin fotolarından ibarət sərgi də təşkil olunub.
Çıxışlar zamanı minatəmizləmə prosesinin ölkəmiz üçün strateji əhəmiyyət daşıdığı və bu istiqamətdə dövlət qurumları, vətəndaş cəmiyyəti və gənclərin birgə fəaliyyətinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin önəmi və bu istiqamətdə gənclərin dəstəyinin, yaradıcı yanaşmalarının vacibliyi qeyd edilib.
Tədbirdə könüllülərə Agentliyin fəaliyyət istiqamətləri, minatəmizləmənin 7 qızıl qaydası, eləcə də mina və partlayıcı sursatların təhlükəsi, təhlükə anında davranış qaydaları barədə məlumat verilib, mina və partlamamış hərbi sursatların maketləri əyani olaraq nümayiş edilib.
ANAMA tərəfindən hazırlanan “Təmiz torpaq, təhlükəsiz həyat” adlı videoçarx nümayiş olunub, könüllüləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Sonda tədbir iştirakçıları təhlükəsiz davranış qaydaları üzrə maarifləndirici materiallarla tanış olub və birgə xatirə fotosu çəkdirib.


























