“Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatı dəstəyi ilə ardıcıl səkkizinci dəfə keçirilən Azerbaijan Photo Salon 2025 adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 67 ölkəsindən 417 fotoqraf tərəfindən 6 min 307 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və peyzaj mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Serbiya və Kiprrdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 141 mükafata 42 ölkənin 112 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan Valeriy Xlızov fəxri lent qazanıb.
Bu cür yarışmada ilk dəfə iştirak edən “Gilavar Fotoqrafiya Məktəbi” təlim kursu layihəsinin iki tələbəsi – Nərmin Əliyeva və Nazpəri Əbdülova sertifikat əldə ediblər.