Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinin nəticələrinin elan edilməsi ilə əlaqədar tədbir və sərgi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.
Müsabiqəyə kənd təsərrüfatı, aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoaparatla yanaşı, smartfon və dronla çəkilmiş minə yaxın fotoşəkil qəbul edilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, bu cür müsabiqə və yarışların keçirilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin fotoqrafların fotoobyektivləri vasitəsilə ifadə edilməsi, kənd təsərrüfatı sahəsində yeniliklərin və fermerlərin zəhmətinin nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Müsabiqəyə göndərilən fotoşəkillər münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib. Müsabiqədə Vüqar İbadovun müəllifi olduğu “Böyük torpağın balaca sahibi – Xocalı sakini” fotoşəkli birinci, İlham Mustafayevin müəllifi olduğu “Yamacda sürü” fotoşəkli ikinci, Cavid Rzayevin müəllifi olduğu “Çoban və quzu” fotoşəkli üçüncü yerə layiq görülüb. Müsabiqədə qalib gələn fotoşəkillərin müəlliflərinə diplom və pul mükafatları təqdim olunub.
Bununla yanaşı, sərgidə nümayiş olunan 5 ən yaxşı fotonun – “Kök yığan qadın” fotoşəklinin müəllifi Famil Mahmudbəyli, “Pambıq emalı” fotoşəklinin müəllifi Elxan Qəniyev, “Kürdəmirdə qarpız yığımı” fotoşəklinin müəllifi Ramil Zeynalov, “Günəbaxanlar” fotoşəklinin müəllifi Cavid Abdullayev və “Balıq ovu” fotoşəklinin müəllifi Kürçaylı Məmmədov, eləcə də 30 ən yaxşı fotonun müəllifi müxtəlif məbləğdə pul mükafatlarına layiq görülüblər.